BAKI, 17 mart — Sputnik. "Bu gün qarşılaşdığımız ən ciddi problemlərdən biri sığorta şirkətlərinin fəaliyyəti ilə bağlıdır. Sığorta şirkətləri əhalini, xüsusilə də sürücüləri incidirlər. Sürücülər sığortanı əldə etməkdə çətinlik çəkirlər".
Bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı deputat Naqif Həmzəyev bildirib.
Deputat vurğulayıb ki, digər əsas məsələ yeni sistemə keçdikdən sonra tibb xidmətlərinin göstərilməsində qarşılaşdığımız nöqsanlardır: "İcbari tibbi sığorta paketinə daxil olan xidmətlərin sayı artırılmalı, əhatə dairəsi genişləndirilməlidir. İnsanları narahat edən başqa bir məqam da sağlamlığa dair arayışın ödənişli əldə edilməsidir. Bu istiqamətdə addımlar atılmalı, ən azından qiymətlər hər kəs üçün daha əlçatan və münasib olmalıdır".
Naqif Həmzəyev qeyd edib ki, digər məsələ isə sağlam həyat tərzinin təbliğ edilməsi və kütləviliyin təmin edilməsi üçün məhəllələrdə idman meydançalarının quraşdırılması işinin sürətləndirilməsidir: "Bahalı mərmər və ya tikinti materialları əvəzinə sadə idman alətlərini bütün yaşayış məntəqələrinin məhəllələrində yerləşdirmək mümkündür. Həmçinin orta məktəblərin idman meydançaları özəlləşdirilərək başqa məqsədlər üçün istifadə olunur. Digər tərəfdən, ölkədə şəhərlərarası avtomobil yolları yaxşı, bəlkə də əla vəziyyətdədir. Ancaq eyni fikri daxili yollar haqında səsləndirmək mümkün deyil. Şəhər və rayonların, qəsəbələrin daxili yolların keyfiyyətli çəkilməsinə nəzarət zəruridir. Xüsusilə seçildiyim Gəncə şəhərində avtomobil idarə etmək müşkül məsələdir".
Deputat əhalinin qaz limitinin olmasından narahat olduğunu da söyləyib: "Mart ayı olmasına baxmayaraq limiti keçmiş vətəndaşlarımız çoxdur. Gələcəkdə bu məsələni diqqətdə saxlayaraq vahid tarifə keçilməsi daha yaxşı olar. Həmçinin bu gün çox sayda sosial evlər tikilir. Lakin həmin binalarda istixanalar yoxdur. Mərkəzləşdirilmiş istixanalar əhalinin kommunal xərclərinin azalmasına səbəb olar və daha təhlükəsiz olduğunu düşünürəm".
Xatırladaq ki, 2021-ci ilin oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1200-2500 kubmetrədək və 2500 kubmetrədən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişməyib və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.