TƏHSİL

İmtahanda "telepatiya" və "telekinez" müşkülü: DİM sədri 4-cü sinifdən düşən sual barədə

Məleykə Abbaszadə DİM buraxılış imtahanlarında "telepatiya" və "telekinez" barədə salınan suallara aydınlıq gətirib.
Sputnik
BAKI, 17 mart — Sputnik. Ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd verənlərin sayında artım olub.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında deyib.
M.Abbaszadə bildirib ki, cari ildə 107188 abituriyent ali və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olmaq üçün ərizə verib:
"Ötən il isə bu rəqəm 99538 nəfər idi. 83717 abituriyent ərizəsində həm ali, həm də tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istədiklərini qeyd edib. Qeyd edim ki, cari il ərizə qəbulunda iştirak edən abituriyentlərdən 84159 nəfər cari ilin, 23029 nəfər isə əvvəlki illərin məzunlarıdır. Onların 98119-u Azərbaycan, 9069-u isə rus bölməsi üzrə sənəd verib".
O qeyd edib ki, martın 5-də və 12-də keçirilən buraxılış imtahanlarında 11-ci sinfi bitirən imtahan iştirakçılarının sayı bu il 98616 nəfər olub. 2790 nəfər isə peşə liseylərini bitirib: "Ötən il bu rəqəmlər müvafiq olaraq 91067 və 2614 nəfər olub".
"Bu il buraxılış imtahanlarında (3 fənn üzrə) iştirak edən, lakin müxtəlif səbəblərdən 1-15 mart tarixlərində keçirilən ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarına da yenidən imkan yaradacağıq. Onlar 15 aprel – 5 may tarixləri arasında aparılacaq sənəd qəbulunda iştirak edə biləcəklər", - deyə DİM rəsmisi vurğulayıb.
M.Abbaszadə bildirib ki, bəzən imtahanların çətinliyi ilə bağlı ictimaiyyət nümayəndələri tərəfindən də ziddiyətli fikirlər səsləndirilir: "Test sisteminin əzbərçiliyə səbəb olmasını vurğulayırlar. Ancaq müəyyən bacarıqları yoxlayan yazılı cavab tələb edən açıq tipli tapşırıqlardan istifadə olunanda, deyirlər ki, çətindir. Biz açıq sualların yoxlanılmasına dair meyarları açıqlamamışıq. O zaman maraqlıdır ki, nə üçün sualın səhv olmasına dair fikirlər irəli sürülür".
Sədr qeyd edib ki, riyaziyyat fənninə aid yazılı cavablar statistik təhlil əsasında bir daha araşdırılacaq və yekun qərar ekspert komissiyası tərəfindən veriləcək. İmtahan nəticələrinin elmi-statistik cəhətdən təhlil olunmadan onun mürəkkəblik səviyyəsi haqqında isə nəsə demək düzgün deyil.
Şagirdlərin stress altında olması imtahandan daha çox ailədə gedən proseslərlə əlaqədardır
M.Abbaszadənin sözlərinə görə, ölkə üzrə çox olmasa da, bəzən imtahanlarda aşağı nəticə göstərən abituriyentlərin əslində məktəbi əla qiymətlərlə bitirdiyi məlum olur: "Şagirdlərin stress altında olması imtahandan daha çox ailədə gedən proseslərlə əlaqədardır".
"İmtahanlarda 700 balı toplamaq olar, lakin hamı buna müvəffəq olmur. Təəssüf ki, valideynlər kimlərəsə acıq vermək üçün övladlarına təsir edirlər. Uşağı "700 bal toplamalısan" şərti qoymaqla stresə salmaq doğru deyil".
O, DİM buraxılış imtahanlarında "telepatiya" və "telekinez" barədə salınan suallara aydınlıq gətirərək bildirib ki, bu iki sözün mənası barədə 4-cü sinif dərsliklərində material var:
"Yəni bu il buraxılış imtahanı verənlər 4-cü sinifdə oxuyarkən həmin mətnlə tanış olublar. Hələ dekabrda buraxılış imtahanına aid çıxan jurnalımızda hər bir fənnə aid olan standartları açıqlamışıq. Həmin standartlarda hansı biliklərin yoxlanılacağı qeyd olunub. VIII sinif üzrə olan standartda "Tanış olmadığı söz və ifadələrin qarşılığını tapmaqla şərh edin" bəndi yer alıb. Eyni zamanda IX sinfə dair standartda da oxşar bənd var".
Konfransda 4-cü sinif dərsliyindən düşən bir hissə diqqətə çatdırılıb:
"Telepatiya – yaxın və ya uzaq məsafədə olan insanın fikirlərini oxumaq qabiliyyətidir. Bu qabiliyyətə malik olan insanlar çox azdır və onları çox vaxt ekstrasens adlandırırlar. Məsələn, azərbaycanlı Tofiq Dadaşov dünyada məşhur ekstrasenslərdən biridir. O yalnız telepatiya deyil, həm də telekinez bacarığına da malik olub.
Telekinez – heç bir təmas (kontakt) olmadan uzaqdan-uzağa predmetlərə və şüura təsir göstərmək qabiliyyətidir. Geller adlı bir ingilisin telekinetik qabiliyyəti dünyanın bir çox ekspertləri tərəfindən təsdiq olunub. İndi elm bu qeyri-adi qabiliyyətin sirrini öyrənməklə məşğuldur.
Əvvəllər belə qabiliyyəti olan insanları fırıldaqçı adlandırırdılar. Bu cür tənqidlərə məruz qalanlardan biri də Ninel Kulagina idi. Ona qarşı belə münasibətlərdən bezən qadın məhkəməyə müraciət etməli olur. Məhkəmənin xahişi ilə mötəbər alimlərdən ibarət bir heyət Kulaginanın rəsmi ekspertizasını təşkil edir. Alimlərin müşahidəsi altında Kulagina baxışının gücü ilə şüşə altına qoyulmuş çarxı fırlatmış, 553 qram ağırlığında şüşə qrafini hərəkət etdirmişdi. Nəticədə elmi dairələrin rəsmi qənaəti əsasında məhkəmə onun qabiliyyətinin hələ elmə məlum olmayan bir qabiliyyət olduğunu rəsmi şəkildə təsdiqlədi.
Belə qabiliyyəti olan şəxslərdən biri də rusiyalı İqnatenkodur. O, telekinezə bənzər qabiliyyət olan "astral karate" ilə məşhurdur. Belə ki, heç bir kontakt olmadan uzaqdan-uzağa insanlara zərbə endirə bilir".