BAKI, 17 mart — Sputnik. Milli Məclisdə icazəsiz tikilən fərdi yaşayış evlərinin sənədləşdirilməsi məsələsi qaldırılıb.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə hökumətin hesabatının müzakirəsi zamanı deyib ki, rəsmi məlumatlara görə belə evlərin sayı 500 mindən artıqdır.
O bildirib ki, neçə illərdir bu məsələ Milli Məclisdə qaldırılır, hökumət qərarları verilib:
"Amma problem ölü nöqtədən tərpənmir. Problemin vaxtında və əsaslı həll edilməməsi yeni problemlər yaratmaqdadır. Sənədsiz evlər sənədsiz məhəllələrə, sənədsiz məhəllələr sənədsiz qəsəbələrə çevrilməkdədir. Bu ərazilərdə yaşayan on minlərlə insanın qazlaşdırma, su-kanalizasiya, uşaq bağçası, məktəb, xəstəxana, aptek, ictimai nəqliyyat və s. ehtiyacları qarşılana bilmir. Qeydiyyatda olmadıqlarına görə bu vətəndaşlar seçki hüquqlarından istifadə edə bilmirlər. Çox hörmətli cənab baş nazir! Sizdən xahiş edirəm bu məsələnin qısa zamanda həlli üçün tapşırıq verəsiniz və prosesi nəzarətinizə götürəsiniz".
Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.
Bu ilin ilk 2 ayı ərzində 80 274 çıxarış verilib
Əlavə edək ki, 2023-cü ilin ilk 2 ayı ərzində daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 59,6% artıb.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlakın qeydiyyatı sahəsində göstərilən xidmətlərin keyfiyyət və kəmiyyətində müsbət dinamika müşahidə olunur. Statistik göstəricilərə əsasən, 2023-cü ilin yanvar-fevral ayları ərzində 80 274 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 59,6% çoxdur.
Xidmətin məlumatına görə, cari ilin ilk 2 ayı ərzindəki göstəricinin 13 613-ü (17%) ilkin, 66 661-i (83%) isə təkrar qeydiyyatın payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə 2023-cü ilin yanvar-fevral ayları ərzində ilkin qeydiyyat 16,5% artıb.
2023-cü ilin yanvar-fevral ayları ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 7 300-ü fərdi yaşayış və bağ evi, 13 915-i mənzil, 57 297-si torpaq sahəsi, 506-sı qeyri-yaşayış binası, 1 141-i qeyri-yaşayış sahəsi, 89-u əmlak kompleksi, 26-sı isə çoxmərtəbəli yaşayış binasıdır. Bu dövrdə dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 13 803-ü Bakı şəhərinin, qalanı isə bölgələrin payına düşür.