RUSİYA

Kremldən Polşanın Ukraynaya MiQ-29 qırıcılarının göndərilməsi ilə bağlı bəyanatına cavab

Peskov bildirib ki, xüsusi əməliyyat zamanı bütün bu texnika məhv ediləcək.
Sputnik
BAKI, 17 mart — Sputnik. Polşanın yaxın gələcəkdə Ukraynaya MiQ-29 qırıcılarını göndərmək niyyəti Varşavanın Ukrayna münaqişəsində "birbaşa iştirakının" səviyyəsini artırır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə keçirdiyi brifinqdə bildirib.
"Texnikanın tədarükü xüsusi hərbi əməliyyatın gedişatına təsir edə bilməz, lakin bu, Ukrayna və onun xalqı üçün əlavə problemlər yarada bilər. Xüsusi əməliyyat zamanı bütün bu texnika məhv ediləcək", - deyə siyasətçi qeyd edib.
Peskovdan Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Tszinpin arasında aparılan danışıqların prioritetləri barədə də soruşulub. Lakin Kreml nümayəndəsi bu suala cavab verməyib və Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun brifinqini gözləməyi təklif edib.
Bu yaxınlarda Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, Polşanın MiQ-29 qırıcılarını Ukraynaya təhvil vermək qərarı ABŞ-ın F-16-ların tədarükü ehtimalı ilə bağlı planlarını dəyişmir.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Bu yaxınlarda məlum olub ki, Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.