BAKI, 17 mart-Sputnik. Həkim və müəllimlərin işdən çıxarılması üçün qoyulan yaş həddinin artırılması təklif edilib.
Bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib.
O qeyd edib ki, həkim və müəllimlərin işçi kimi saxlanılmasında 65 yaş həddi ilə bağlı məsələyə yenidən baxılmalıdır.
"Rayonlarda xeyli vakant yerlərin olmasını nəzərə alaraq həkim və müəllimlərin təqaüd yaş həddi istisna olaraq 70 yaşa qədər artırılması məqsədəuyğun olar. Nazirlər Kabinetindən bu məsələnin nəzərə alınmasını xahiş edirəm", - deyə o qeyd edib.
Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edirlər.
Əlavə edək ki, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən uzadıla bilər.