BAKI, 17 mart — Sputnik. Martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışına istinadən Ermənistan Xarici İşlər Nazirliyinin növbəti dəfə yalan və iftira dolu bəyanatı, Ermənistanın 30 ilə yaxın bir dövrdə həyata keçirdiyi işğal siyasətini, habelə hal-hazırkı post-münaqişə dövründə Azərbaycana və azərbaycanlılara qarşı törətdiyi və gələcəkdə törədə biləcəyi təxribatları ört-basdır etmək məqsədi daşıyır.
Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadənin Ermənistan XİN-in Azərbaycan əleyhinə 16 mart tarixli saxta və yalan dolu bəyanatına dair şərhində bildirilib.
"Ermənistan tərəfindən 30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimizin, tarixi və dini abidələrin məqsədli şəkildə dağıdılması; təbii sərvətlərimizin talanması; 4 minə yaxın vətəndaşımızın itkin düşməsi və kütləvi məzarlıqların aşkarlanması; Ermənistanın mina təhdidlərini davam etdirməsi; ərazi bütövlüyü və suverenliyə, eləcə də üçtərəfli bəyanat çərçivəsində öhdəliklərə zidd olaraq Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini tam olaraq çıxarmaması; Zəngəzur dəhlizinin açılmasına maneçilik törətməsi; indiki Ermənistan ərazisindən azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə həyata keçirilməsi faktlarının və Qərbi Azərbaycan İcmasının öz doğma torpaqlarınına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması tələbinin Ermənistana qarşı "ərazi iddiası" və "təcavüzə hazırlıq" kimi qələmə verilməsi tamamilə əsassızdır.
Eynilə, həm sovet Ermənistanı dövründə, həm də 1990-cı illərdən bəri Ermənistan ərazisindəki minlərlə Azərbaycan toponimlərini məqsədyönlü şəkildə dəyişən, Ermənistan ərazisindən Azərbaycan izlərini pozan, tarixi abidələri dağıdan, bununla Azərbaycanının tarixi torpaqlarını erməniləşdirən Ermənistan tərəfinin Azərbaycanın Qərbi Azərbaycan İcması ifadəsindən istifadə etməsini beynəlxalq hüquq pozuntusu kimi təqdim etməsi riyakarlıqdır.
30 ilə yaxın işğal dövründə 9 şəhər və yüzlərlə kəndi talan edən, 1 milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirən, onları öz evlərinə qayıtmaq hüququndan məhrum edən Ermənistanın, Azərbaycanın öz doğma torpaqlarını azad etməsindən və bu əraziləri bərpa etməsindən sonra məcburi köçkünlərin və qaçqınların hüquqlarından bəhs etməyə mənəvi haqqı yoxdur.
Azərbaycan öz ərazisində yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində artıq addımlar atmaqdadır. Azərbaycan erməni sakinlərlə dialoq aparır və xoşniyyətli addım kimi bu çərçivədə növbəti görüşün Bakıda keçirilməsini təklif edib. Ermənistan tərəfi isə bunun əksinə, Qərbi Azərbaycan İcmasının dialoq təklifini tamamilə rədd edib. Bu isə, Ermənistanın bölgədə sülh və sabitlikdə maraqlı olmadığının və ikiüzlü siyasət aparmasının göstəricisidir.
Azərbaycan tərəfi Ermənistanın hər bir təxribatına qarşı beynəlxalq hüquq çərçivəsində bütün zəruri addımları atacaqdır", - XİN rəsmisi vurğulayıb.