CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DYP qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyi, avtomobili günün işıqlı vaxtında idarə etməyə üstünlük verməyi, hərəkət zamanı təhlükəsizlik kəmərini bağlamağı, sərnişinlərə də bu vacib qaydaya əməl etməyi tövsiyə edir.
Sputnik
BAKI, 17 mart — Sputnik. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib.
İdarənin müraciətdə qeyd edilir ki, ​Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində paytaxtdan bölgələrə, eləcə də əks istiqamətdə nəqliyyat axınının əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
Yol-nəqliyyat hadisələrinin qarşısının alınması, insanların rahat və təhlükəsiz hərəkətinin təmin olunması üçün Baş Dövlət Yol Polisi İdarəsi gücləndirilmiş iş rejimində xidmət aparır. Səfərə çıxmağa hazırlaşan sürücülərə müraciət edərək onlara nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyi, avtomobili günün işıqlı vaxtında idarə etməyə üstünlük verməyi, hərəkət zamanı təhlükəsizlik kəmərini bağlamağı, sərnişinlərə də bu vacib qaydaya əməl etməyi tövsiyə edir.
Sürücülər, sürət rejimini yol və hava şəraitinə uyğun seçməli, ötmə və manevretmə qaydalarını pozmamalı, tələskənliyə yol verilməməli, yorğun, yuxusuz halda sükan arxasına əyləşməkdən çəkinməlidirlər:
"Unutmaq olmaz ki, iş və istirahət rejiminə əməl etmədən sükan arxasına əyləşərək sərnişin daşıma fəaliyyəti göstərən sürücü potensial təhlükə mənbəyidir. Dəyərli sürücülər! Yolboyu nümunəvi sürücü davranışı sərgiləməklə digər hərəkət iştirakçılarına örnək, intizamsız sürücülərə münasibətdə səbirli və təmkinli olun, yol hərəkəti qaydalarına riayət etməklə əzizlərinizə bayram sevinci bəxş edin".