BAKI, 17 mart — Sputnik. Səudiyyə Ərəbistanı Krallığı ən böyük xam neft istehsalçısı və ixracatçısı olaraq, karbohidrogen ticarəti məsələsində qırmızı xəttini qeyd edib - "yüksək qiymət həddi" və NOPEC olmayacaq.
Belə ki, Krallığın energetika naziri, şahzadə Əbdüləziz bin Salman Əl Səud "Energy Intelligence" nəşrinə müsahibəsində bildirib ki, Səudiyyə neftinin ixracına "yüksək qiymət həddi" (price cap) tətbiq olunarsa, Səudiyyə Ərəbistan bu mexanizmə dəstək verən heç bir ölkəyə xammal satmayacaq və hətta "qara qızıl" hasilatını belə azaldacaq.
Energetika naziri həmçinin ABŞ Konqresində antiinhisar qanunvericiliyi çərçivəsində neft ixrac edən ölkələrə qarşı iddia qaldırmağa imkan verən NOPEC (No Oil Producing and Exporting Cartels Act) qanun layihəsinin müzakirəsinin yenidən başlamasına münasibət bildirib.
Nazir bildirib ki, NOPEC yalnız yeni risklər əlavə edəcək və neft bazarında qeyri-müəyyənlik yaradacaq. Bin Salman Əl Səud bildirib ki, qanun layihəsi həm də neft potensialına qoyulan investisiyanı sarsıdacaq və dünya təklifinin gələcək tələbdən çox geridə qalmasına səbəb olacaq.
Neft bazarının arteriyasını bağlama təhlükəsi
Əl Səudun bəyanatı "Böyük yeddilik" (G7) və Qərb ölkələrinə neft bazarı ilə oynamaq cəhdlərinin iqtisadiyyatı sabitləşdirmək üçün ən yaxşı variantın olmadığına dair bir mesajdır. Həmişə olduğu kimi, Krallığın əsas gəlir mənbəyinə – neft məsələsinə gəldikdə nazir kifayət qədər sərt reaksiya verir. Əslində, o, yüksək qiymət həddi tətbiq edildiyi halda Qərbi nəhəng həcmlərdən məhrum etməklə hədələyib.
Qeyd edək ki, bu gün Səudiyyə Ərəbistanı dünyada tədqiq edilmiş neft ehtiyatlarının 17%-nə malikdir və dünya bazarında "qara qızıl"ın əsas ixracatçılarından biridir.
Dünya bazarının Səudiyyə neftindən asılılığını nəzərə alsaq, Krallıqda hasilatın azalması və ixracdakı məhdudiyyətlər sadəcə olaraq neft bazarının əsas arteriyasının bağlanması demək olardı.
Belə ki, 2022-ci ilin yekunlarına görə Səudiyyə Ərəbistanı sutkada 10,1 milyon barel neft hasil edib ki, bunun da gündəlik 8 milyon bareldən çoxu ixrac edilib.
Eyni zamanda, Krallıq ötən il neft satışından 326 milyard dollar qazanaraq "qara qızıl" hasilatına görə dünyada ikinci yeri tutub.
Beləliklə, hasilatın azalması və ya "yüksək qiymət həddi" prinsipinin tətbiq olunduğu bazarlara neft tədarük etməkdən imtina qlobal enerji təhlükəsizliyinə birbaşa zərbə vuracaq.
Ər-Riyad: bir addım geriyə getmədən
Səudiyyə Ərəbistanı qlobal neft ticarəti ilə bağlı bütün məsələlərdə həmişə sarsılmaz mövqe tutub və həmişə OPEC+ çərçivəsində qeyd olunan şərtlərə əməl edir. OPEC-in həmtəsisçisi kimi olan Krallıq bazarın tənzimlənməsinə və bazarın qıtlığına və ya həddindən artıq dolmasının qarşısını almağa imkan verən kartel tərəfindən verilən qərarların həyata keçirilməsinin tərəfdarıdır.
Belə ki, Krallığın energetika naziri Qərb nəşrinə verdiyi müsahibədə bildirib ki, dünya bazarlarında qeyri-müəyyənliyin yüksək səviyyədə olması və qlobal iqtisadi artım riskləri üzündən OPEC+ qrupunun neft hasilatı hədəflərini ilin sonuna qədər dəyişməz saxlayacaq.
Səudiyyə Ərəbistanı üçün hasilatın artmasının qarşısının alınması büdcənin doldurulması məsələsidir, çünki əlavə həcmlərin olmaması üzündən yüksək qiymətlər Krallığa gəlirlərin artmasına zəmanət verir.
Bu məsələdə Ər-Riyad bir vaxtlar strateji müttəfiqi olan Vaşinqtonun istədiyi kimi etmədi. Keçən ilin yayında Co Bayden əlavə həcmdə neft istəmək üçün şəxsən krallığa uçdu, lakin bütün cəhdlər, o cümlədən inandırma və təhdidlər səudiyyəlilərə heç bir təsir etmədi - nəticədə Krallıq ortamüddətli perspektivdə hasilatı və ixracı artırmaqdan imtina etdi.
Üstəlik, Səudiyyə Ərəbistanı dünya neft bazarını ABŞ maliyyə sisteminin nəzarətindən çıxarmağa çalışır. Belə ki, bu yaxınlarda Krallığın maliyyə naziri Məhəmməd Əl-Cədaan bildirib ki, Ər-Riyad neft ticarətinin dollardan fərqli olaraq digər valyutalarla hesablaşmalarını müzakirə etməyə açıqdır.
Və burada Rusiyanın nümunəsi də Səudiyyə Ərəbistanı üçün faydalı ola bilər. Neft tədarükünü Qərbdən Şərqə yönləndirən Rusiya xammalın ixracını Hindistan rupisi, Çin yuanı və rublla ödəməyə keçib.
Nəticədə dollara alternativ valyutalarda çoxmilyonluq müqavilələr bağlandıqda ABŞ valyutası ticarət dövriyyəsində əhəmiyyətli dəstəyi itirib.
Mümkündür ki, əgər Qərbdə bütün neft tədarükçüləri üçün də yüksək qiymət həddi tətbiq etmək niyyəti ilə bağlı bəyanatlar səslənərsə, o zaman Səudiyyə Ərəbistanı müqavilələrini alternativ valyutalara köçürməyə qadirdir ki, bu da ABŞ dollarına əlavə zərbə olacaq.
Qərbin enerji təhlükəsizliyinin tabutuna vurulan mismar
Ər-Riyad neft satmaqdan imtina edərsə, neft bazarını nə gözləyir? Cavablar göz qabağındadır: Qərbin davamlı sənayesizləşdirilməsi və Asiya iqtisadiyyatının çiçəklənməsi.
Səudiyyə Ərəbistanı üçün Qərb və G7 bazarlarına tədarükləri azaltmaq çətin olmayacaq - əlində qalan neft ölkə daxilində emal oluna və hazır neft məhsulları kimi satıla bilər. Üstəlik, Krallığın daxili emal həcmini artırmaq planları var idi ki, buna uyğun olaraq artıq neft emalı zavodlarının imkanlarınının genişləndirilməsi istiqamətində addımlar atılıb.
Bundan əlavə, Asiyada bərpa olunan iqtisadiyyat da əlavə həcmdə neft tədarükünə etiraz etməyəcək.
Belə bir vəziyyətdə Səudiyyə Ərəbistanı hasilatın və ixracın azalması halında belə, dünya bazarına neft tədarükünün məhdudlaşdırılması ilə bağlı xəbərlərdən şübhəsiz ki, yüksələcək qiymətlərdən yenə də faydalanacaq.
Əgər Qərb bazardakı vəziyyəti ayıq şəkildə qiymətləndirsəydi, bütün tədarükçülər üçün "yüksək qiymət həddi"ni tətbiq etmək cəhdindən belə söz getməzdi. Üstəlik, Vaşinqton, görünür, Rusiya neftinin itirilmiş həcmlərini geri qaytarmağa çalışır. Belə ki, ABŞ Maliyyə Nazirliyi iri treyderləri Rusiya nefti ilə ticarəti artırmağa çağırıb. ABŞ Maliyyə Nazirliyinin nümayəndələri ötən həftə ən iri neft treyderləri "Gunvor" və "Trafigura" şirkətlərinin rəhbərləri ilə görüşüb və onları Rusiya neftinin nəqlini bərpa etməyə çağırıblar.
Ümumiyyətlə, Brüsseldəki məmurların bütün neft tədarükçüləri üçün "ytüksək qiymət həddi"ni tətbiq etmək niyyəti və ya Rusiya neftinin bir barreli üçün "həddi" 30 dollara endirmək planları barədə ayrı-ayrılıqda açıqlamalarına baxmayaraq, Qərb bu barədə hər hansı şərhlərin bazarda artan əhval-ruhiyyəni yenidən alovlandıra biləcəyini başa düşürlər.
Neft qiymətlərinin hələ də 70-80 dollar səviyyəsində satıldığını və tələbin gözlənilən artımı ilə ilin ikinci yarısında 90 dollara çata biləcəyini nəzərə alsaq, bazarda hər hansı məhdudiyyətin kövrək qlobal enerji sisteminə zərbə vuracağını gözləmək lazımdır.
Bu halda ümid etmək olar ki, Brüsselin ambisiyaları bir daha Qərb rəsmilərinin məntiqinə mane olmayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.