MƏDƏNİYYƏT

Baletsevərlərə müjdə: Opera və Balet Teatrında möhtəşəm premyera təqdim olunacaq

Əsas rolları teatrın gənc solistləri Ayan Eyvazova, Seymur Qədiyev, İslam Məmmədov, Fatimə Xələfova və başqaları ifa edəcək.
Sputnik
BAKI, 17 mart — Sputnik. Martın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baletsevərlərə möhtəşəm premyera təqdim olunacaq. Sənət ocağı bu dəfə görkəmli fransız bəstəkarı Adolf Adanın "Korsar" baletini səhnəyə qoyacaq.
Bu barədə Opera və Balet Teatrdan bildirilib.
Qeyd edək ki, dünya balet sənətinin ən populyar əsərlərindən olar "Korsar" baleti gənc yunan qızı Medora ilə korsar Konrad arasındakı məhəbbətdən bəhs edir. Truppanın mövsümün əvvəlindən bəri üzərində çalışdığı səhnə əsərində əsas rolları teatrın gənc solistləri Ayan Eyvazova, Seymur Qədiyev, İslam Məmmədov, Fatimə Xələfova və başqaları ifa edəcək. Quruluşçu baletmeyster və liberotto müəllifi Əməkdar artist Samir Səmədov olan balet dirijor Orxan Həşimov tərəfindən idarə olunacaq. Dekorasiya və kostyum eskizlərinin müəllifi Dmirtri Çerbadjidir.
Onu da bildirək ki, səhnə əsərinə baxmaq istəyənlər biletləri teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iticket.az saytından əldə edə bilərlər.
Adolf Adan kimdir?
Adolf Adan 1803-cü ildə Fransanın Paris şəhərində doğulub. Romantizm dövrünün fransız bəstəkarı çoxsaylı operaların, baletlərin, operettaların müəlifidir. Onun əsərləri dünyanın ən məşhur teatr səhnələrinin repertuarına daxil edilib.