BAKI, 16 mart — Sputnik. Bu günlərdə Azərbaycanda Novruz bayramı qeyd olunur. Bütün evlərdə, paytaxtın müxtəlif yerlərində bayram əhval-ruhiyyəsi var.
Novruzu qeyd etmək, qədim adət-ənənələrlə daha yaxından tanış olmaq üçün Azərbaycanın ən qədim hamamlarından biri olan "Haci Bani"yə üz tuturuq.
Orta əsrlərə aid olan, uzun əsrlər boyu torpaq altında qalan və 1964-cü ildə arxeoloji-təqdiqat işləri aparılarkən aşkar olunan hamamda möhtəşəm bayram hazırlıqları görülüb, çal-çağır təşkil olunub.
"Haci Bani" hamamındakı “ABAD” etno-butikində növbəti “Ənənəvi Novruz” festivalı keçirilib. Hamamın hər kamerasında Novruz bayramının bir adət-ənənəsi əksini tapıb, burada kimi xoruz, kimi də yumurta döyüşdürür.
Hər il olduğu kimi bu il də interaktiv festivalda qonaqlara meydan tamaşaları, rəngarəng oyunlar (yumurta döyüşü, papaqqapdı və s.), qədim el sənətləri, xalq mahnıları və rəqsləri, Novruz şirniyyatları təqdim olunub.
Novruz falı və ustad dərsləri ilə yanaşı bu ilin yeniliklərindən biri olan dekorativ xoruz döyüşdürmə oyunu xüsusi marağa səbəb olub. Döyüşün qalibləri isə suvenir şəklində hədiyyələr qazanıblar.
Festival çərçivəsində səməni bəzədilib, bər-bəzəkli xonçalar düzülüb, xınalar yaxılıb. Bundan başqa, festival çərçivəsində meydan tamaşaları da nümayiş olunub.