BAKI, 16 mart — Sputnik. Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postu yaxın günlərdə istifadəyə veriləcək. APA-nın verdiyi məlumata görə, açılış mərasimində Azərbaycan və Rusiya nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, "Xanoba" gömrük postundakı inşaat işləri Prezident İlham Əliyevin 2020-ci ilin aprel ayında imzaladığı sərəncama əsasən aparılıb. İnşaat işləri başa çatdıqdan sonra gömrük postu buraxılış qabiliyyətinin artması ilə yanaşı, ən müasir avadanlıqlarla təchiz edilib.
Bundan başqa "Xanoba" gömrük postu Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə yüklərin daha sürətli daşınmasına, sərhədkeçmə proseslərinin asanlaşdırılmasına, ölkəmizin tranzit imkanlarının genişlənməsinə, xüsusilə Azərbaycan-Rusiya sərhədində yaranan növbələrin tam aradan qaldırılmasına şərait yaradacaq.
Xatırladaq ki, Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə daşınan yüklərin əksər hissəsinin "Samur"-"Yaraq-Qazmalar" gömrük-sərhəd buraxılış məntəqələrindən keçirilməsi bu məntəqələrdə son illər ərzində sıxlığın və növbələrin yaranmasına səbəb olmuşdu.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.