BAKI, 16 mart — Sputnik. Novruz bayramı ilə əlaqədar Azərbaycanda bir neçə gün qeyri-iş günü olacaq.
Maraqlıdır, qeyri-iş günlərində hotel və motellərdə qiymətlər necədir?
Sputnik Azərbaycan ölkənin əsas turistik bölgələrindəki 4 gecəlik qiymətləri araşdırıb. Öncə şimal bölgəsindəki qiymətlərə nəzər yetirək:
Dörd gecəlik istirahət üçün Qubada tək nəfərlik qiymətlər 360 manatla 5 min 300 manat, 4 nəfərlik ailə üçün isə 286 - 5 200 manat arasında dəyişir. Hətta artıq bəzi hotelərdə bayram günü üçün boş yer də qalmayıb.
Qusarda isə tək nəfər üçün hotellərin birində dörd gün gecələmək təxminən 240 - 860 manata başa gəlir. Ailə üçün isə bu məbləğ təxminən 1200 manat civarında olur.
Şimalı zonası ilə müqayisədə digər ərazilərdə qiymətlər nisbətən daha münasibdir.
Belə ki, Qəbələdə tək nəfər üçün 4 gecəlik qiymət 160-3000, ailə üçün isə bu qiymət təxminən 3 min manat və ya bundan bir qədər də yüksək olur. İsmayıllıda tək nəfərlik qiymətlər 500- 3 800, ailə üçün qiymətlər isə 3 200 manat civarında olur.
Qərb zonasında qiymətlər
Bayram vaxtı Qərb zonasında dincəlmək isə daha sərfəlidir. Belə ki, Şəkidə tək nəfərə 4 gecəlik hoteldə gecələmək 120-720 manata başa gəlirsə, ailə üçün bu məbləğ 135 - 3024 manat arasında dəyişir. Qaxda tək adam üçün dörd günlük gecələmək 140 - 700, ailə üçün isə 1400 manata başa gəlir.
Lənkəranda bir nəfər üçün bu qiymətlər 180- 2050, ailə üçün 1520 manata başa gəlir. Ümumilikdə qiymətlərə nəzər yetirdikdə tək nəfərlik qiymətlərin daha yüksək olduğunu görə bilərik. Novruz bayramında tək səyahət etməkdənsə, ailəliklə səyahət etmək daha sərfəlidir.
Qeyd edək ki, hər il bayram vaxtlarında hotel və motellərdə qiymət artımı müşahidə edilir. Turizm üzrə ekspertlər də açıqlamalarında yerli qiymətlərin xarici səfərlərlə müqayisədə daha yüksək olmasından gileylənirlər. Ekspertlər bunun əsas səbəbini vergi ödənişləri ilə izah edirlər. Əgər siz iki gecə istirahət üçün ümumi olaraq, məsələn, 190 manat ödəmisizsə, bunun 28.98 manatı vergi üçün tutulur, qalan məbləğ (161.02) hotelə çatır.