CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu qurumda təhlükəsiz iş saatının həcmi artıb

“AzerGold” QSC-də xəsarətsiz ötüşən iş saatlarının miqdarı 842 min 612 saata, ümumilikdə 2016-2022-ci illər ərzində isə 3 milyon 630 min 208 saata çatıb.
Sputnik
BAKI, 16 mart — Sputnik. “AzerGold” QSC 2022-ci ildə də təhlükəsiz istehsalat fəaliyyətini təmin edib. Bu barədə qurumdan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.
Qeyd olunub ki, 2022-ci il ərzində “AzerGold” QSC-nin fəaliyyət sahələrində dayanıqlı təhlükəsiz iş şəraitinin təmin edilməsi məqsədilə əməyin mühafizəsi və texniki təhlükəsizlik, habelə digər əlaqəli sahələr üzrə müvafiq tədbirlər fəaliyyət planına uyğun olaraq uğurla icra edilib.
Nəticədə 2022-ci ildə “AzerGold” QSC-də xəsarətsiz ötüşən iş saatlarının miqdarı 842 min 612 saata, ümumilikdə 2016-2022-ci illər ərzində isə 3 milyon 630 min 208 saata çatıb.
Bu isə o deməkdir ki, qeyd olunan illər ərzində, yəni qurumun fəaliyyətə başlamasından bu günədək fəaliyyət sahələrində hansısa xəsarət, ölüm halı baş verməyib.
Qeyd edək ki, “AzerGold” QSC iş yerlərində əməkdaşların sağlamlığının qorunması və əməyin təhlükəsizliyi sahəsində sistemli fəaliyyət həyata keçirir.
Beynəlxalq standartlar və ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq istehsalat prosesi zamanı bədbəxt hadisələrin qarşısının alınması məqsədilə müəssisədə işçilər, həmçinin podratçı və subpodratçılar üçün təhlükəsiz iş şəraiti yaradılıb və tətbiq edilən qaydalara əməl edilməsinə xüsusi nəzarət olunur.
Fövqəladə Hallar Nazirliyi ilə birgə həm mədən ərazilərində, həm də Cəmiyyətin inzibati binasında mütəmadi olaraq yanğın təhlükəsizliyi qaydaları barədə nəzəri və praktiki təlimlər təşkil edilir.