PAYTAXT XƏBƏRLƏRİ

Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə maraq artır

Xüsusilə vurğulanmalıdır ki, bu il Azərbaycandan təqdim olunan elmi məqalələrin sayı da 214 elmi məqalə ilə rekord həcmdə olub.
Sputnik
BAKI, 16 mart — Sputnik. Bakıda oktyabrın 2-6 tarixlərində keçiriləcək "Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək" mövzusunda 74-cü Beynəlxalq Astronavtika Konqresinə bu il rekord sayda – 95 ölkədən elmi iş təqdim olunub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb ki, Bakı konqresinə kosmos sahəsində fəaliyyət göstərən elm adamları və tədqiqatçılar tərəfindən kosmosa və bəşəriyyətin xeyrinə müsbət təsir göstərə biləcək 3532 elmi məqalə qeydiyyatdan keçib.
Bu göstərici ilə Bakı konqresi Paris (2022), Vaşinqton (2019) və Bremen (2018) konqresləri ilə birgə indiyə kimi keçirilən bütün konqresləri geridə qoyub.
Xüsusilə vurğulanmalıdır ki, bu il Azərbaycandan təqdim olunan elmi məqalələrin sayı da 214 elmi məqalə ilə rekord həcmdə olub. Azərbaycan elminin dünya elminə inteqrasiyası fonunda ölkəmiz ən çox elmi məqalə təqdim edən ölkələr – ABŞ, İtaliya, Hindistan və Çindən sonra olmaqla ilk beşlikdə yer alır.

"Ölkəmizdən bu il Beynəlxalq Astronavtika Konqresinə təqdim olunan elmi məqalələrin sayı rekord rəqəmə çatıb. Azərbaycanlı alim və gənclər tərəfindən konqresə 214 elmi məqalə təqdim olunub. Bu, ölkəmizdə insan kapitalına verilən dəyərin, elm, tədqiqat və texnologiya sahələrində artan uğurlarımızın əyani sübutudur. Bu rəqəm əslində ölkəmizdə kosmos sahəsində elmi nəticələrin beynəlxalq platformalarda nümayiş olunması istiqamətində gənclərimizin qazandığı nailiyyətlərin davamıdır", – deyə "Azərkosmos"un sədri Saməddin Əsədov bildirib.

Qeyd edək ki, Bakı konqresində bütün dünyadan, o cümlədən Azərbaycandan olan elm insanları və gənclər kosmosun imkanlarına həsr olunmuş 190 texniki sessiyada və digər tədbirlərdə çıxış edə biləcəklər.
Azərbaycan elminin dünya elminə inteqrasiyası, elm-təhsil-innovasiya vəhdətinin yaradılması, gənc alimlərimizin beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi baxımından Beynəlxalq Astronavtika Konqresi geniş imkanlar yaradacaq.
Qeyd edək ki, hazırda Beynəlxalq Astronavtika Federasiyasının Beynəlxalq Proqram Komitəsi tərəfindən qəbul olunan məqalələr qiymətləndirilir və iki formatda – texniki və ya interaktiv təqdimat sessiyalarında təqdim olunması üzərində işlər aparılır. Elmi məqalələrin tam qiymətləndirilməsi bu ilin aprel ayında yekunlaşacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.