BAKI, 16 mart — Sputnik. "Bu ilin mayında Azərbaycanda mina probleminə həsr olunmuş konfrans keçiriləcək". Bunu Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Ağdamda keçirilən Azərbaycan-BMT tərəfdaşlığı üzrə İllik Yüksək Səviyyəli Strateji Məsləhətləşmələr zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan minatəmizləmə fəaliyyətinə böyük vəsait ayırıb:
"Bu, bizim üçün böyük problem və çağırışdır. Mina təhlükəsi keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qaytarılması prosesini çətinləşdirir və ləngidir".
ANAMA rəhbəri Azərbaycanın minatəmizləmə təcrübəsinin digər ölkələr üçün də faydalı ola biləcəyini vurğulayıb:
"2020-ci ilin noyabr ayından mina partlaması nəticəsində 47 nəfər, bu gün isə Ağdamda daha iki nəfər həlak olub".
V.Süleymanov qeyd edib ki, BMT Azərbaycanın minatəmizləmə sahəsində göstərdiyi səyləri yüksək qiymətləndirir və bu məsələdə dəstəyini əsirgəmir.
"Minaların təmizlənməsi BMT-nin iki davamlı inkişaf məqsədi ilə birbaşa bağlıdır", - o əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.