NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycan qaz ixracını 13 % artırıb - nazir rəqəmləri açıqladı

Azərbaycan Avropaya 1,9 milyard kubmetr, Türkiyəyə 1,7 milyard kubmetr, Gürcüstana isə 0,7 milyard kubmetr qaz ixrac olunub.
Sputnik
BAKI, 16 mart — Sputnik. Bu ilin yanvar-fevral aylarında Azərbaycan qaz ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 13 % artırıb.
Bunu energetika naziri Pərviz Şahbazov özünün "Twitter" səhifəsində yazıb.
Nazirin sözlərinə görə, Azərbaycan Avropaya 1,9 milyard kubmetr həcmində qaz tədarük edib.
P. Şahbazov bildirib ki, bu müddət ərzində Türkiyəyə 1,7 milyard kubmetr, Gürcüstana isə 0,7 milyard kubmetr qaz ixrac olunub.
Pərviz Şahbazov
Nazir qeyd edib ki, yanvar-fevral aylarında Azərbaycan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə Türkiyəni 0,9 miyard kubmetr qazla təchiz edib.
Xatırladaq ki, hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neft və "Şahdəniz" yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan, Qazaxıstan və Rusiyadan neft nəql edilir.
Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.
Türkiyəyə Azərbaycanın "Şahdəniz" yatağından hasil edilən təbii qaz nəql olunur.
Hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir.
TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.