BAKI, 16 mart — Sputnik. BMT ilə Azərbaycan Respublikasının əməkdaşlığında vacib olan proses və təşəbbüslərin, qabaqcıl yanaşmaların müzakirəsi məqsədilə Ağdam şəhərində strateji məsləhətləşmələrə həsr olunmuş dəyirmi masa keçirilir.
Tədbirdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitələrinin, Minatəmizləmə Agentliyinin rəhbərləri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzində təmsil olunan Prezident Administrasiyasının əməkdaşları, habelə BMT agentliklərinin Azərbaycanda fəaliyyət göstərən ofislərinin rəhbər şəxsləri iştirak edir.
Azərbaycan Respublikasında BMT tərəfindən qəbul edilən Davamlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində davamlı işlər aparılmaqdadır. Ölkəmizin işğaldan azad edilmiş ərazilərində həyata keçirilən əsaslı bərpa və yenidənqurma layihələri həmin səylərin tərkib hissəsi olaraq mühüm əhəmiyyət kəsb edir.
Ölkəmiz inkişaf məqsədlərinə ilk növbədə daxili potensial və imkanlardan, eyni zamanda, çoxtərəfli beynəlxalq əməkdaşlıq mexanizmlərindən istifadə etməklə nail olmaqdadır. Bu əməkdaşlıq ölkəmiz üçün əhəmiyyətli olan müxtəlif sahələri, o cümlədən ətraf mühitin qorunması, səhiyyə, kənd təsərrüfatının inkişafı və digər məsələləri əhatə edir. Eyni zamanda, Azərbaycan üçün əsas prioritetlərdən olan Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə iqtisadi davamlılıq, humanitar minatəmizləmə, ərazilərin sosial-iqtisadi reinteqrasiyası məsələlərinin dünyada mövcud olan təcrübənin nəzərə alınması ilə təşkili önəmlidir.
Azərbaycan Respublikasının sözügedən istiqamətlərdə bu günədək həyata keçirdiyi tədbirlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Bir necə aparıcı beynəlxalq təşkilat, o cümlədən BMT tərəfindən bərpa və yenidənqurma işlərinin ilkin mərhələsini müsbət qarşılayıb. Yaxın gələcəkdə bu istiqamətdə müvafiq ərazilərdə əməkdaşlığın genişləndirilməsi gözlənilir.
Bugünkü tədbir ötən il Şuşada təşkil edilmiş Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantının davamı olaraq baş tutub.
Tədbirdə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri, oraya əhalinin qayıdışı və bu prosesdə beynəlxalq təcrübənin tətbiqi müzakirə ediləcək.
Həmçinin, bu müstəvidə BMT, Dünya Bankı və Avropa İttifaqının birgə post-böhran mexanizmi olan bərpa ehtiyaclarının qiymətləndirilməsi metodologiyasının ölkəmizdə tətbiqi sahəsində fikir mübadiləsi aparılacaq.
Tədbirin yekununda iştirakçılar tərəfindən "Heydər Əliyev İli" çərçivəsində Ağdam şəhərində ağacəkmə aksiyası keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.