BAKI, 15 mart — Sputnik. Azərbaycanda indiyədək sənədi olmayan 40 min əmlaka çıxarış veriləcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. O, bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi"nə dəyişikliklər müzakirə olunduğunu deyib.
Millət vəkili qeyd edib ki, dəyişikliklərə əsasən, 2023-cü il martın 1-dək inşa edilmiş, lakin etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğuna dair rəyi təqdim edən qeyri-yaşayış sahələri çıxarış (kupça) ilə təmin ediləcək.
"Bu o deməkdir ki, hətta əvvəllər hansı ildə inşa edilməsindən asılı olmayaraq, tikintisi sözügedən Məcəllənin tələblərinə uyğun aparılmayan, amma etibarlılığı və təhlükəsizliyi olan bütün qeyri-yaşayış sahələrinin istismarına icazə veriləcək. İlkin qiymətləndirmələrə görə, bu sadələşdirmə 40 mindən çox obyekti əhatə edəcək. Digər dəyişikliklərlə istismar prosedurlarının daha da sadələşdirilməsi və elektronlaşması nəzərdə tutulur. Bu baxımdan, dəyişikliklər daşınmaz əmlak sektorunda şəffaflığın daha da artmasına və sənədləşmənin sürətlənməsinə xidmət edəcək", - deyə deputat bildirib.
V.Bayramovun sözlərinə görə, müzakirələrdə dəyişikliklərin mütərəqqi olması qeyd olunmaqla yanaşı, növbəti mərhələdə 500 mindən çox sənədsiz fərdi evlərin də qeydiyyatı ilə bağlı işlərin daha da sürətləndirilməsinin vacibliyi qeyd olunub:
"İnanırıq ki, növbəti mərhələdə çıxarışların verilməsinin sadələşdirilməsi bu evləri də əhatə edəcək".
Qeyd edək ki, Şəhərsalma və Tikinti Məcəlləsinə təklif olunan dəyişikliklərə görə, tikinti işlərinin dayandırılmasına əsas verən hallar dəqiqləşdirilir, pozuntuların aradan qaldırılması üçün verilən müddət 1 ildən 6 aya endirilir. Həmçinin dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikintilər üzrə texniki-iqtisadi əsaslandırma (və smeta) sənədləri elektron formada hazırlanacaq. Qanun layihəsi qəbul ediləcəyi halda bu tələblər 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.