BAKI, 15 mart — Sputnik. İrandan ölkəmizə idxal olunan qida məhsulları mağazaları təcili surətdə bağlanmalıdır.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında qida eksperti Ağa Salamov deyib. O qeyd edib ki, hazırda "TikTok" başda olmaqla, bəzi sosial şəbəkələrdə İran qida məhsulları geniş şəkildə reklam olunur. Bu ölkədən Azərbaycana idxal olunan məhsullar arasında riskli qidalar da var. Bunlara konservləşdirilmiş ət, balıq məhsullarını misal çəkmək olar.
Ekspertin sözlərinə görə, İranda qız uşaqlarının zəhərlənməsindən sonra belə qənaətə gəlib ki, bu qidalar ölkımiz üçün də risk daşıyıcısıdır:
"İndiki zamanda üzərində İran istehsalı yazılan məhsulların alışının tərəfdarı deyiləm. Özlərinin gənc qızlarını zəhərəyirlərsə, onlardan hər şey gözləmək olar".
Ağa Salamov İrandan gətirilən konfetlərin də risk daşıyıcısı olduğu qənaətindədir:
"Baxın, İrandan ölkəmizə konfetlər gəlir, onların hamısını bir-bir açıb laboratoriyadan keçirmirik. Düzdür, Dövlət Gömrük Komitəsi bildirir ki, ölkəyə keçən bütün məhsulları yoxlayırlar. Lakin bir ton konfetin hamısını bir-bir açıb yoxlamırlar".
Ekspert hesab edir ki, nəinki qida, qeyri-ərzaq məhsulları da nəsə fəsad yarada, allergiya verə, gələcək üçün bir təhlükə mənbəyi ola bilər.
"Düşünürəm ki, molla rejimi ləğv olunmayana, İranın ölkəmizlə münasibətləri normallaşmayana qədər onlardan nəsə almalı deyilik. Yaxud da, ya oradan gələn məhsullar qadağan olunmalıdır, ya da buna nəzarəti 2-3 dəfə gücləndirilməliyik", - deyə həmsöhbətimiz əlavə edib.
Digər qida eksperti Seymur Qafarov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, nəinki İrandan, o cümlədən digər ölkələrdən də Azərbaycana ərzaq və yeyinti məhsulları idxal edilərkən onlar AQTA və Dövlət Gömrük Komitəsinin laboratoriyasında analizlərə cəlb olunur:
"Məhsulun idxalına icazə verilməsi o deməkdir ki, hansısa neqativ hal müşahidə olunmayıb. İranın qənnadı məhsulları ölkəmizdə çoxdur. Bəzən bu məhsulların keyfiyyət göstəriciləri aşağı olur. Kiçik qablaşdırmada olan 8 ədədlik peçenyenın dördü qırılmış olur. Biskivitlər təzə halda olmalıdır, lakin bir müddət sonra onların quruması da müşahidə edilir. Bundan başqa, belə məhsulların etiket göstəricilərində Azərbaycan dilində yazıların olmaması problemi də müşahidə edilir".
Qafarovun sözlərinə görə, bəzən məshulların üzərində yazılar o qədər kiçik yazılır ki, alıcılar onu oxumur, yaxud da son istifadə tarixi olmur. Bu cür malların alınması tövsiyə edilmir.
"Lakin etiraf edək ki, həm İran, həm də digər ölkələrdən gətirilən keyfiyyətli qida məhsulları da var. Bu səbəbdən İrandan da məhsulların alınması ilə bağlı maneə yoxdur", - deyə ekspert əlavə edib.
O tövsiyə olaraq bildirib ki, istehlakçılar məhsul alan zaman "Yeninti məhsulları haqqında" qanunun 11-ci maddəsi ilə tanış olmalıdırlar. Çünki burada qida məhsulları ilə bağlı zəruri tələblər yer alıb.
Rəqəmlər nə deyir?
Dövlət Statistika Komitəsinin məlumatına görə, 1993-cü ildə İrandan Azərbaycana 422 017, 0 min ABŞ dolları dəyərində məhsul idxal edilibsə, sonrakı illərdə rəqəmlərdə gözəçarpan artım olub. Belə ki, 2015-ci ildə bu ölkədən Azərbaycana 90 455, 4 min ABŞ dolları dəyərində məhsul idxal edilibsə, 2019-cu ildə 452 679, 7, 2020-ci ildə 300 615, 4, 2021-ci ildə isə 397 523,5 min ABŞ dolları dəyərində İrandan ölkəmizə məhsul idxal edilib.