HƏRBİ

Kəmaləddin Heydərov ABŞ-ın Avropa Komandanlığının generalı ilə nə danışıb?

Briqada generalı Edvard Voqan iki ölkənin uyğun qurumları arasında fövqəladə hallarla mübarizə üzrə əlaqələrin inkişaf etdirilməsinin qarşılıqlı faydalı olduğunu vurğulayıb.
Sputnik
BAKI, 15 mart — Sputnik. Martın 15-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığının tərəfdaşlıq, təhlükəsizlik və siyasət imkanları üzrə direktor müavini briqada generalı Edvard Voqan ilə görüşüb.
Nazirlikdən bildirilib ki, nazir Kəmaləddin Heydərov hər iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edib. Qurumlararası əlaqələrin, o cümlədən mülki müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu vurğulayan nazir qarşılıqlı səfərlərin, təlimlərin əhəmiyyətindən danışıb. Bu çərçivədə ABŞ-ın Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi tərəfindən FHN-in Mülki müdafiə qoşunlarına avadanlıqların verilməsinə və təlimin keçirilməsinə görə təşəkkür edən nazir iki qurum arasında prioritet sahələr üzrə gələcək ikitərəfli əməkdaşlıq perspektivlərinin müəyyən olunması məqsədilə müzakirələrin aparılmasının vacibliyini vurğulayıb.
Nüvə təhlükəsizliyi məsələlərinə toxunan nazir K.Heydərov Ermənistanda köhnə texnologiya ilə fəaliyyət göstərən və ciddi texniki problemlərinin olduğu Metsamor Atom Elektrik Stansiyasının bütün region üçün yaratdığı böyük nüvə təhlükəsi barədə danışıb.
Həmçinin, nazir fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən qardaş ölkəyə göndərilmiş FHN-in çevik xilasetmə qüvvələrinin fəaliyyəti barədə ətraflı məlumat verib, əldə edilmiş təcrübələri bölüşüb.
Səmimi görüşə görə təşəkkür edən briqada generalı Edvard Voqan iki ölkənin uyğun qurumları arasında fövqəladə hallarla mübarizə üzrə əlaqələrin inkişaf etdirilməsinin qarşılıqlı faydalı olduğunu vurğulayıb. Bu çərçivədə, qonaq ABŞ-ın Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi ilə Azərbaycan Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivləri barədə fikirlərini bölüşüb.
Qonaq Türkiyədə baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əldə etdiyi təcrübələri bölüşdüyünə görə nazir Kəmaləddin Heydərova təşəkkür edib. Bundan əlavə, E.Voqan dənizdə neft dağılmaları ilə mübarizə üzrə uyğun qurumlar arasında əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını qeyd edib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər geniş müzakirə olunub.
Baş Qərargah rəisi ABŞ-ın Avropa Komandanlığının nümayəndə heyəti ilə görüşüb
Xatırladaq ki, Müdafiə Nazirliyinin məlumatına görə, martın 14-də müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ABŞ-ın Avropa Komandanlığının tərəfdaşlıq, təhlükəsizlik və siyasət imkanları üzrə direktor müavini briqada generalı Edvard Voqanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Əvvəlcə qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirələrini ehtiramla yad ediblər.
Nümayəndə heyətini salamlayan Baş Qərargah rəisi onlara Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatlar, azad edilən ərazilərdə görülən işlər, həmçinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədi və Qarabağ iqtisadi rayonundakı cari vəziyyət barədə məlumat verib.
Görüşdə ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri üzrə əldə edilmiş müsbət nəticələrdən, o cümlədən Oklahoma ştatının milli qvardiyası ilə Azərbaycan Ordusu arasında qarşılıqlı əlaqələrin cari vəziyyətindən məmnunluq ifadə edilib.
Briqada generalı E.Voqan Azərbaycan Ordusunun hərbi qulluqçularının Əfqanıstandakı "Qətiyyətli dəstək" qeyri-döyüş missiyasına verdiyi töhfəyə görə minnətdarlığını bildirib, mövcud əməkdaşlığın inkişafının vacibliyini diqqətə çatdırıb.
Sonda Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri və regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.