BAKI, 15 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-14-də Almaniyaya işgüzar səfər edib. Azərbaycan Prezidentinin bu səfəri önəmli mesajlarla yadda qalıb. Xüsusən də Ukrayna-Rusiya arasındakı gərginlik fonunda Avropa enerji bazarında müşahidə olunan gərgin vəziyyət enerji resurslarının ixrcatçısı olan Azərbaycanı Avropa ölkələri üçün daha cəlbedici hala gətirib.
Bununla yanaşı Azərbaycan-Ermənistan arasında sülh sazişi ilə bağlı Avropa İttifaqının vasitəçiliyi fonunda Azərbaycan tərəfinin mövqeyinin Avropada təqdimatı üçün Prezident İlham Əliyevin verdiyi mesajlar diqqət mərkəzində idi.
Azərbaycan Prezidentindən əvvəl isə Ermənistan Baş naziri Nikol Paşinyan Almaniyaya səfər etmişdi. Bu baxımdan Prezident İlham Əliyevin Almaniyaya bu səfəri xüsusilə önəmli idi.
Sputnik Azərbaycan Azərbaycan Prezidentinin Almaniyaya səfəri ilə bağlı millət vəkili Asim Mollazadənin və politoloq Elşən Manafovun fikirlərini öyrənib.
Millət vəkili Asim Mollazadə qeyd edib ki, Azərbaycan Prezidenti Almaniyaya səfəri çərçivəsində Azərbaycan-Ermənistan arasında sülh prosesində mövcud vəziyyətlə bağlı bu ölkənin ictimaiyyətinə müfəssəl məlumat verdi:
"Xüsusən də Ermənistanın prosesi pozmağa yönəlmiş addımları Almaniya tərəfinə təqdim edildi. Bu gün Ermənistan tərəfi həm Moskva, həm Brüssel, həm də Vaşinqton platforması çərçivəsində keçirilən danışıqlarda "hə" desə də, sonra heç nə etmir. Ermənistan nəyisə gözləyir. Yəqin düşünürlər ki, geosiyasi proseslər nəticəsində sahibləri və mövcud vəziyyət onların xeyrinə dəyişəcək. Eyni zamanda Ermənistanın daxilindəki revanşist qüvvələrin mövcudluğunu da gözardı edə bilmərik. Ancaq mən hesab edirəm ki, Ermənistanda belə düşünənlər yanılırlar. Azərbaycan bütün istiqamətlərdə öz istəklərinə nail olacaq. Azərbaycan tərəfinin bütün təklifləri və mövqeyi beynəlxalq hüquq normalarına əsaslanır".
Millət vəkili Azərbaycanın artan enerji təminatçısı roluna da toxunub və qeyd edib ki, səfər çərçivəsində Azərbaycanın Avropa, o cümlədən də Almaniyanın enerji təhlükəsizliyində oynaya biləcəyi rolu diqqət mərkəzinə çəkildi: "Bu gün Azərbaycanda yaşıl enerjiyə keçid məsələsi geniş şəkildə müzakirə olunur və bu istiqamətdə addımlar atılır. Bununla bağlı Azərbaycan tərəfi Almaniya ilə əməkdaşlığın genişləndirilməsinə marağını ifadə edib. Buna görədir ki, alman iş adamları Azərbaycana sərmayə qoymağa dəvət olundu. Bu gün Azərbaycan Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunun ərazilərində geniş bərpa-quruculuq işləri həyata keçirir. Hesab edirəm ki, Almaniyada bu prosesə öz töhfəsini verə bilər".
Politoloq Elşən Manafov isə bildirib ki, Azərbaycanın Ermənistanla sülh sazişlərinin imzalanması üçün təklif etdiyi şərtlər bəllidir: "Azərbaycan tərəfi dəhlizlərlə bağlı Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini istəyir, çünki sülh sazişinin imzalanmasında maraqlıyıq. Azərbaycan bölgədə qalıcı sülhün və sabitliyin təmin olunmasını istəyir. Azərbaycan prezidenti Almaniyada bu açıqlamaları verməklə Ermənistanın qeyri-konstruktiv mövqeyini bir daha təqdim etmiş oldu".
Politoloq vurğulayıb ki, Ermənistan tərəfi hazırda beynəlxalq güc mərkəzləri arasında manevr etməklə məşğuldur: "Paşinyana elə gəlir ki, Ukraynada baş verənlərin nəticələri Qərbin xeyrinə olacaq. Bu halda isə Rusiya münasibətlərdə fərqli yanaşmalar sərgiləyə biləcəklərini düşünürlər. Ona görə də Paşinyanın timaslında Ermənistan vaxt qazanmaq istəyir. Etiraf etmək lazımdır ki, Azərbaycan və Ermənistan arasında informasiya müharibəsi davam edir. Bu baxımdan verilən açıqlamalar və səsləndirlən fikirləri informasiya savaşının tərkib hissəsi kimi yanaşıram".