BAKI, 14 mart — Sputnik. Bakı Dövlət Universitetinin 2 saylı korpusu 1977-78-ci tədris ilində istifadəyə verilib və həmin vaxtdan bir dəfə də olsun əsaslı təmir olunmadığından yararsız vəziyyətdə olub.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında universitetin mətbuat katibi Kəmalə Quliyeva korpusun əsaslı təmirə dayandırılmasının səbəblərinə aydınlıq gətirərkən deyib.
O bildirib ki, istifadəyə yararsız olması səbəbindən korpusun əsaslı təmirinə zərurət yaranıb.
"Təmir işləri sürətlə aparılır və 2 saylı korpusun yeni dərs ilində tələbələrin ixtiyarına verilməsi nəzərdə tutulur", - K.Quliyeva deyib.
O qeyd edib ki, binanın zirzəmisindən damına qədər bütün mərtəbələri, auditoriyalar, laboratoriyalar, sanitar qovşaqlar, liftlər müasir standartlara uyğun şəkildə yenidən qurulacaq, bütün kommunikasiya xətləri yenilənəcək.
Artıq iki həftəyə yaxındır ki, universitetin ikinci korpusu təmirə bağlanıb.