İQTİSADİYYAT

"AzerGold"un gəlirləri artıb - CƏDVƏL

Hesabat ilində beynəlxalq və yerli bazarlarda qızıl və gümüş satışı nəticəsində 207,2 milyon manat məbləğində vəsait ölkə iqtisadiyyatına cəlb edilib.
Sputnik
BAKI, 15 mart — Sputnik. 2022-ci ildə "AzerGold" QSC-nin beynəlxalq və daxili bazarlarda qızıl və gümüş satışı həcmlərində müsbət dinamika müşahidə edilib.
QSC-dən bildirilib ki, ümumi satış göstəriciləri 2022-ci ildə 63.5 min unsiya qızıl və 207.8 min unsiya gümüş olub. Bu, 2021-ci illə müqayisədə qızılın satış həcmində 3.7 min, yəni 6.1 faiz, gümüşün satış həcmində 74.9 min unsiya, yəni 56.3 faiz artım deməkdir.
Qızıl üzrə qeyd edilən ümumi satış həcmindən 59,9 min unsiya, gümüş üzrə isə 193.5 min unsiyası beynəlxalq bazarlarda realizə olunub. Pərakəndə bazarda satış göstəriciləri 3 min unsiya qızıl, 130 unsiya gümüş təşkil edib. Daxili bazarın tələbatı üzrə 555 unsiya qızılın, 14.2 min unsiya gümüşün satışı icra olunub.
Beləliklə, 2017-2022-ci illər üzrə ümumi satış göstəriciləri 348 min unsiya qızıl və 733 min unsiya gümüş təşkil edib.
Hesabat ilində beynəlxalq və yerli bazarlarda qızıl və gümüş satışı nəticəsində 207,2 milyon manat məbləğində vəsait ölkə iqtisadiyyatına cəlb edilib. 2017–2022-ci illər üzrə qızıl və gümüşün satışı nəticəsində əldə edilmiş gəlir isə 960,7 milyon manat olub.
"AzerGold" qızıl və gümüş hasilatını artırıb
Qeyd edək ki, "AzerGold" QSC ötən il yataqların mineral-xammal resurslarından istifadənin səmərəliliyinin yüksəldilməsi və istehsalat proseslərinin optimallaşdırılması üzrə fəaliyyətini uğurla davam etdirib.
Hesabat ilində hasilat göstəriciləri 62.1 min unsiya qızıl, 223.1 min unsiya gümüşə çatdırılıb. Beləliklə, 2021-ci illə müqayisədə 2022-ci ildə qızıl hasilatı 524 unsiya (0.9 faiz), gümüşdə 88.6 min unsiya (65.9 faiz) çox olub. 2017–2022-ci illər üzrə cəmi göstərici isə 318 min unsiya qızıl və 711 min unsiya gümüş təşkil edib.
2023-cü ildə isə 62.5 min unsiya qızıl, 108.3 min unsiya gümüşün hasil edilməsi hədəf olaraq müəyyənləşdirilib.