RUSİYA

Arktika Şurasının fəaliyyətini bərpa edib-etməyəcəyini söyləmək çətindir – Rusiya XİN

Rusiya XİN rəsmisi bildirib ki, bir tərəfdən Arktika Şurasının işinə cavabdeh olduqlarını deyirlər, digər tərəfdən Rusiya ilə əməkdaşlığın məhdudlaşdırılacağını deyirlər və bununla bağlı biz də özümüz üçün nəticə çıxarırıq.
Sputnik
BAKI, 15 mart — Sputnik. Arktika Şurasına sədrliyin may ayında Norveçə keçəcəyi təqdirdə, qurumun işinin bərpa ediləcəyini söyləmək hələ də çətindir.
Bu barədə RİA Novosti-yə Arktika Şurasının Yüksək vəzifəli şəxslər komitəsinin sədri, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Nikolay Korçunov bildirib.
"Norveçlilərin işinin nə dərəcədə effektiv olacağına dair hələ də böyük qeyri-müəyyənlik var, çünki Norveç Arktika Şurasının işini zəiflədən qərarlar qəbul edən ölkələr sırasında idi. İndi onlar bunu necə nəzərdən keçirəcəklər? Nə dərəcədə və nə qədər uğur qazanacaqlarını söyləmək çox çətindir", - deyə Korçunov agentliyə müsahibəsində bildirib.
Diplomat qeyd edib ki, Rusiya Norveç nümayəndələrindən qeyri-müəyyən siqnallar alır.
"Bir tərəfdən Arktika Şurasının işinə cavabdeh olduqlarını deyirlər, digər tərəfdən Rusiya ilə əməkdaşlığın məhdudlaşdırılacağını deyirlər və bununla bağlı biz də özümüz üçün nəticə çıxarırıq. Kollektiv qərarların qəbul olunduğu bir qurum kimi Arktika Şurasının dəyəri bizim üçün xeyli azalıb. Qeyri-müəyyənlik olduğundan faktiki olaraq 7 ölkə Şurada iştirakını dondurub, yəni orada fəaliyyətini dayandırıb. Rusiya Federasiyası Arktika Şurasını qorumaq üçün əlindən gələni edib və bu təşkilata sədrliyi təmin etmək üçün üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə məsuliyyətlə yanaşıb", - deyə Korçunov vurğulayıb.
Arktika Şurası 1996-cı ildə Kanadanın təşəbbüsü ilə ətraf mühitin mühafizəsi və qütb bölgələrinin davamlı inkişafı sahəsində əməkdaşlıq məqsədi ilə yaradılıb. Buraya yeddi Arktika ölkəsi daxildir: Rusiya, ABŞ, Danimarka, İslandiya, Norveç, Finlandiya və İsveç. Bu ölkələr Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasına cavab olaraq keçən il Arktika Şurası çərçivəsində fəaliyyətlərini dayandırmışdılar.