BAKI, 15 mart — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ABŞ pilotsuz təyyarəsi ilə bağlı insident barədə məlumatlandırılıb, Rusiya Federasiyası və ABŞ-ın ən yüksək rəsmiləri səviyyəsində isə heç bir əlaqə olmayıb.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Əgər siz ən yüksək səviyyəni nəzərdə tutursunuzsa, yox, heç bir əlaqə olmayıb. Məlumat verilibmi sualı isə ən azı qəribədir. Bəs siz necə təsəvvür edə bilərsiniz ki, dövlət başçısına, Ali Baş Komandana bu barədə məlumat verilməyib. Təbii ki, məlumat verilib", - deyə Peskov qeyd edib.
Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, bir gün əvvəl ABŞ-ın MQ-9 Reaper pilotsuz təyyarəsi XHƏ zamanı hava məkanından istifadə üçün müvəqqəti rejimin qurulduğu Qara dəniz üzərindəki ərazinin sərhədlərini pozub. Nazirlikdən verilən məlumata görə, PUA Krımdan Rusiya sərhədinə doğru uçurdu, pozucunu müəyyən etmək üçün Rusiya qırıcıları havaya qaldırılıb. Müdafiə Nazirliyindən bildirilib ki, kəskin manevr nəticəsində pilotsuz təyyarə hündürlüyü itirərək nəzarətdən çıxıb və suya düşüb.
Rusiya MN-in məlumatına görə, rus qırıcıları MQ-9 ilə təmasda olmayıb, hava-desant silahlarından istifadə etməyib və öz aerodromlarına qayıdıblar.
Bu arada ABŞ Silahlı Qüvvələrinin Avropa komandanlığı iddia edir ki, Rusiyaya məxsus Su-27 təyyarəsi ABŞ-ın MQ-9 pilotsuz uçuş aparatı ilə toqquşub, nəticədə sonuncu Qara dəniz regionunda beynəlxalq sulara düşüb.