BAKI, 14 mart — Sputnik. USAID/Azerbaijanın dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspert missiyası seçilən xəstəxanalarda Təcili Yardım Şöbəsinin Qiymətləndirilməsi Alətinin tətbiqi ilə qiymətləndirmə prosesinə başlayıb.
ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəsmi feysbuk səhifəsinin xəbərinə görə, missiya Respublika Klinik Xəstəxanası və Şamaxı Rayon Mərkəzi Xəstəxanasına səfər edərək təcili və təxirəsalınmaz tibbi yardım və radiologiya şöbələri, eyni zamanda laboratoriya, palatalar və əməliyyat otaqlarına baxış keçirib.
Missiyanın məqsədi ölkədə təcili yardım xidmətinin imkanlarını qiymətləndirmək, bu sahədəki əsas boşluqları, habelə təkmilləşdirilməli olan sahələri müəyyən etmək və təkmilləşdirmə planı hazırlamaqdır. Hədəf təcili yardım sisteminin potensialının gücləndirilməsinə və pasiyentlərə daha yaxşı xidmət göstərilməsinə kömək olmaqdır.
Ümumilikdə 4 sahəni əhatə edən qiymətləndirmə prosesi 3 mərhələdə Bakı və Sumqayıt şəhərləri, o cümlədən Şamaxı rayonundakı 9 dövlət tibb müəssisəsində martın 19-dək keçiriləcək.
Qiymətləndirmə missiyası USAID-in dəstəyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə əməkdaşlıqda həyata keçirilən "Azərbaycanda pandemiyaya cavab tədbirləri" layihəsi çərçivəsində fəaliyyət göstərir və sözügedən xəstəxanalar bu layihəyə uyğun olaraq seçilib.