BAKI, 14 mart — Sputnik. Rusiya Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olmağa çalışan bütün ölkələrin səylərini yüksək qiymətləndirir.
Bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Bilirik ki, bir çox dövlətlər bu münaqişənin həllində vasitəçilik səylərini təklif edirlər, o cümlədən biz Vatikandan belə bəyanatlar eşitmişik. Biz bu münaqişəni sülh yolu ilə həll etmək üçün artıq xeyli səy göstərən ölkələrin rolunu yüksək qiymətləndiririk", - deyə Peskov bildirib.
Onun sözlərinə görə, münaqişənin sülh yolu ilə həlli hələ mümkün deyil, çünki bu münaqişə hərbi yolla həll olunur.
"Biz öz məqsədlərimizə çatmalıyıq. Kiyev rejiminin hazırkı mövqeyini nəzərə alaraq, münaqişənin yalnız hərbi yolla həlli mümkündür. Burada heç nə dəyişməyib", - Peskov bildirib.