SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Səməd Seyidov Qarabağ ermənilərini Bakıya dəvət edib: "Bu şansı qaçırmayın"

AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qeyd edib ki, ortaq gələcək haqqında danışmaq üçün Bakıda bir araya gəlməyin vaxtıdır.
Sputnik
BAKI, 14 mart — Sputnik. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Qarabağ ermənilərinə müraciət edib.
Bu barədə o "Twitter " hesabında yazıb:

"İllüziyalarınızı bir kənara qoyub ortaq gələcəyimiz haqqında danışmaq üçün Bakıda bir araya gəlməyin vaxtıdır. Bu şansı qaçırmayın".

Prezident Administrasiyası Qarabağ ermənilərini növbəti görüş üçün Bakıya dəvət edib.
Bu arada BMT-nin İnsan haqları şurasının 52-ci iclasında Dayanıqlı inkişaf məqsədləri gənclər parlamentinin vitse-prezidenti Culio Russo Azərbaycan təbii ehtiyatlarının Ermənistan tərəfindən talanması məsələsini qaldırıb.
Russo bildirib ki, bir vaxt işğal altında olan Azərbaycan ərazilərində qızıl yataqlarının və digər təbii sərvətlərin qanunsuz genişmiqyaslı istismarı həyata keçirilib. Bunu Ermənistan şirkətləri və "xaricdən dəvət olunan şəxslər" həyata keçirib.
Vitse-prezident Qarabağda ekoloji sistemin kütləvi məhv edildiyini vurğulayaraq günahkarların cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.
Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 93 gündür davam edir.
Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi.