CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Buğda cücərtisi, səməni şirəsi və onların faydaları

Həkimlərin qənaətinə görə, təxminən 6 kiloqram buğda cücərtisindən əldə edilən şirə 158 kiloqram yerkökü, kahı və ya kərəvizdən alınan şirə ilə eyni təsirə malikdir.
Sputnik
BAKI, 14 mart - Sputnik. Baharın atributlarından biri kimi qəbul edilən səməni adətən Novruz bayramına 10-15 gün qalmış qoyulur. Buğda cücərtilərin boy atıb səməniyə çevrilməsi üçün bir neçə gün, uzağı iki həftə gözləmək lazımdır.
Lakin səməniyə çevrilməyən və bir neçə günlük buğda cücərtisi tibbi baxımdan çox faydalıdır. Səməni cücərməyə başlayanda ondan halva, bir az boy atdıqdan sonra isə şirə əldə etmək olar. Aparılan təcrübələr göstərir ki, səməni cücərtisi ilə qidalanmaq immunitet sistemini gücləndirir, buğda cücərtisinin suyu qanı yeniləyir, toksinləri təmizləyir, dişləri və immuniteti gücləndirir, ürək xəstəliklərinin müalicəsində istifadə edilir və xərçəng riskini azaldır.
Amerikalı həkimlərin qənaətinə görə, təxminən 6 kiloqram buğda cücərtisindən əldə edilən şirə 158 kiloqram yerkökü, kahı və ya kərəvizdən alınan şirə ilə eyni təsirə malikdir. Orqanizmi toksinlərdən təmizləmək üçün buğda cücərtisi ən səmərəli vasitə hesab olunur.
Həkim-fitoterapevt Elnur Rəhimov buğda cücərtisinin E və B vitaminləri ilə zəngin olduğunu bildirib:

“Həmin vitaminlər sinir və mədə-bağırsaq sistemi üçün çox xeyirlidir. Cücərdilmiş buğdanın tərkibində olan fol turşusu orqanizmdə gedən qanyaratma funksiyası üçün də mühüm əhəmiyyət daşıyır. Fol turşusu hamilə qadınların əsas vitamini sayılır, çünki immun sisteminə müsbət təsir göstərir, dərini qocalmaqdan qoruyur. Kosmetika sənayesində tərkibində cücərdilmiş buğdadan alınmış yağ olan çoxlu krem və maskalar istehsal edilir. Cücərtinin tərkibində olan sink reproduktiv sistemə müsbət təsir edir”.

Onun dediyinə görə, səməni şirəsi qələvi və qidalandırıcı maddə baxımından da zəngindir. Toksinləri təmizləyən buğda suyu qanı qələviləşdirir, eyni zamanda qaraciyəri qoruyur. Qidalandırıcı maddələr və fermentlər toksinləri zərərsizləşdirir.
Kaliumla zəngin olan buğda suyu iştahanı və yemək istəyini azaldır. Eyni zamanda metabolizmini sürətləndirir. Səhərlər ac qarnına buğda suyu içmək gün ərzində həddən artıq yemək istəyinin qarşısını alır. Səməni suyu iki-üç həftə ərzində 50-100 ml olmaqla gündə bir dəfə acqarına qəbul edilir. Hər hansı xroniki xəstəlik və xərçəng xəstəliyi zamanı 45 gün istifadə edilir.
Hər gün 1-2 stəkan buğda cücərtisi şirəsi içməklə gənc və sağlam qalmaq mümkündür. Həmin şirəni ağızda 5 dəqiqə saxladıqda və dişləri gücləndirir. Buğda cücərtisi şirəsi ilə qarqara etdikdə isə boğaz iltihabı aradan qalxır.
(Azərtac)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.