BAKI, 13 mart — Sputnik. "Harada görünüb ki, bir universitetin məsələn, hüquq fakültəsinə 75 nəfər qəbul olunsun, amma 100 nəfər bitirsin?!" Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən dinləmədə deputat Musa Qasımlı deyib.
O bildirib ki, vətəndaşlar gedib xaricdə təhsil ala bilərlər və bu, onların hüququdur:
"Biz necə edək ki, universitetlərə qəbul hamı üçün əlçatan olsun? Amma universitetlər keyfiyyətli kadr hazırlasın. Harada görünüb ki, bir universitetin məsələn, hüquq fakültəsinə 75 nəfər qəbul olunsun, amma 100 nəfər bitirsin?! Bu, dünyanın heç bir yerində yoxdur. Biz kimi aldadırıq? İrəli getmək üçün təhsilimizi sağlamlaşdırmalıyıq".
"Məsafədən təhsilin hüquqi bazasını tam yarada bilmirik"
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə bildirib ki, məsafədən təhsilin hüquqi bazası tam yaradılmayıb:
"Biz "Ali təhsil haqqında" Qanunun qəbulunda azı 1 il gecikmişik. Bu gün universitetlərimiz elmlər doktorları tapıb elmi şuralar təşkil edə bilmirlər. Müraciət edənlər olmur. Xaricdə təhsil alanların bir çoxunun diplomları tanınmır. Bununla bağlı çoxsaylı müraciətlər var. İşimiz təkcə diplomun tanınıb-tanınmaması olmamalıdır. Bunun bir həll yolu tapılmalıdır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.