BAKI, 13 mart - Sputnik. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Tehran və Ər-Riyad münasibətlərinə toxunaraq, Kremlin regionda gərginliyin azaldılması və dialoq üçün istənilən addımı alqışladığını bildirib.
Cümə günü məlum olub ki, İran və Səudiyyə Ərəbistanı Çinin vasitəçiliyi ilə diplomatik münasibətlərin bərpası haqqında saziş imzalayıb və iki ay ərzində səfirliklərin açılması planlaşdırılır.
Birgə bəyanat Pekində İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri ilə səudiyyəli həmkarı arasında bir neçə günlük danışıqlardan sonra imzalanıb.
Qeyd olunur ki, iki dövlətin xarici işlər nazirləri sazişin icrasını müzakirə etmək üçün görüşmək niyyətindədirlər.
“Biz çox qeyri-sabit bölgə olan regionda gərginliyin səviyyəsini azaltmağa və dialoqu yaxşılaşdırmağa kömək edə biləcək və kömək edəcək istənilən addımı alqışlayırıq. Xüsusilə Səudiyyə Ərəbistanı və İran kimi əsas regional oyunçulardan söhbət gedəndə”, - deyə Peskov jurnalistlərə Kremlin İran və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin bərpası ilə necə əlaqəsi var sualını cavablandırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.