BAKI, 13 mart — Sputnik. "Bu gün ali məktəbə daxil olanların 90%-dən çoxu universiteti bitirir. Dövlətdən narazı qalan vətəndaşa yalançı diplom verməklə vəziyyət düzəlməz".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, ədalətli yanaşma odur ki, diplom ala bilməyənə diplom verilməsin:
"Bolonya sisteminə keçəndən sonra minlərlə saxta diplomu olanları müəyyənləşdirmişik. Misal olaraq, Azərbaycan Tibb Universitetinin rektoru ilə müzakirə etdiyimiz məsələ var idi ki, həkim diplomu alıb harada necə oxuduğu bəlli olmayan şəxslər var".
"Biz işə qəbulda görürük ki, pedaqoji diplom almış məzun müəllimlərin işə qəbul imtahanında minimal bal yığmır. Sual olunur ki, biz bu diplomu ona niyə vermişik?! Həqiqət bundan ibarətdir ki, vətəndaş dövlətdən narazıdır. Biz vətəndaş dövlətdən narazı qalmasın deyə ona havayı diplom verəndə axırı yaxşı qurtarmır. O vətəndaş daim narazı qalır ki, onda mənə bir dənə də iş ver və s. Nə vaxtsa, ona yox deməliyik", – elm və təhsil naziri əlavə edib.
Nazir həmçinin bildirib ki, sənədində axund, imam, şəriət müəllimi yazılan şəxs onlara müraciət edərək diplom tələb edir.
"Sənədində axund, imam, şəriət müəllimi yazılan şəxs bizə müraciət edir ki, mənə diplom ver. Diploma hansı ixtisası yazaq? Onun oxuduğu sahə təsdiq olunan ixtisas təsnifatında yoxdur, diploma hansı ixtisası yazım?!", - deyə Emin Əmrullayev bildirib.
"Bir neçə min şəxsi misal çəkə bilərəm ki, tədris aldığı ölkənin dilini belə, bilmir. Belə şəxsə diplomu necə verək?! Xaricdə təhsil almış şəxslərin işlərini asanlaşdırmaqla keyfiyyəti qurban vermək olmaz. Qiyabi sessiyalarla oxuduğunu deyən şəxsin də diplomunu tanıya bilmirik", - nazir bildirib.
E.Əmrullayev həmçinin distant təhsilə keçidlə bağlı səsləndirilən təkliflərə də cavab verib:
"Nəzərə almaq lazımdır ki, pandemiya dövründə ilk dəfə olaraq ümumtəhsil müəssisələrində distant tədris rejiminə keçid etdik. Artıq bu ilin mayında distant təhsilin nəticələrini görəcəyik. Şəxsi mühazirələrim odur ki, nəticə əsaslı şəkildə aşağı düşəcək. Çünki 2020-2021-ci ildə şagirdlər ümumiyyətlə dərsə getməyərək distant təhsilə cəlb olundu. Həmin zaman ərəfəsində təhsilalanların öyrənmə bacarıqlarının nə dərəcədə itməsi və ya əksi məsələsini may ayında biləcəyik".
Muxtariyyət məsələsinə gəlincə, nazir əlavə edib ki, indiki modeldə ali təhsil müəssisələrinin əksəriyyəti dövlətin tabeliyindədir:
"Ali təhsil müəssisəsinə muxtariyyətin verilməsində akademik qurum olaraq mahiyyəti və fəlsəfəsinin ciddi müzakirəsinə ehtiyacı var. Hətta elə universitet var ki, təhsil proqramını yaza bilmir və gəlib bizdən xahiş edir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.