BAKI, 13 mart — Sputnik. Bu gün Qəbələ rayonunun Nohurqışlaq kəndi yaxınlığında meşə ərazisindəki kolluq sahədə yanğın hadisəsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib ki, ilkin ehtimala görə, yanğın sözügedən kənddə vətəndaşın bağ sahəsində xəzəllərin yandırılması nəticəsində başlayıb, sonradan meşə ərazisinə keçib.
O qeyd edib ki, hazırda nazirliyin yerli qurumları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.
İ.İbrahimova yanğın hadisələrinin baş verməməsi üçün vətəndaşları yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, odla ehtiyatlı davranmağa, yanğına şərait yaradan bütün hallardan çəkinməyə çağırıb.
Qeyd edək ki, anoloji hadisə ötən ilin avqustunda da baş vermişdi. Belə ki, Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən söndürülmüşdü.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.