BAKI, 13 mart — Sputnik. Qərbi Azərbaycan İcmasının (QAİ) sədri Əziz Ələkbərli bəyanat yayıb. İcmadan verilən məlumatda deyilir:
"Biz Azərbaycan hökumətinin Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün görüşə dəvət etməsini alqışlayırıq. Bölgədə sülh və əmin-amanlığın yolu dialoq, barışıq və reinteqrasiyadan keçir."
Bəyanatda həmçinin bildirilir ki, QAİ Ermənistan hökumətinin Ermənistandan qovduğu azərbaycanlıların öz evlərinə geri qayıtması üzrə bizim danışıqlara başlamaq təşəbbüsümüzə cavab verməsini gözləyir.
"Qərbi Azərbaycan İcması olaraq, biz bu günlərdə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyana məktub ünvanlamışıq və Ermənistan hökumətini öz evlərimizə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüququmuzun reallaşması üzrə dialoqa başlamağa çağırmışıq. Biz Ermənistan rəhbərliyinə ünvanlanmış məktubumuza cavab verməsini və danışıqlara başlamaq üçün təkliflər gözləyirik. Bu danışıqlar ilə bağlı bizim platformamız təməl insan hüquqlarına, beynəlxalq humanitar hüquqa və reinteqrasiyaya əsaslanır", - deyə sənəddə vurğulanır.
Daha sonra qurum sədri öz bəyanatında həm Azərbaycanda yaşayan ermənilər, həm də Ermənistandan qovulmuş azərbaycanlılar ilə bağlı məsələlər üzrə dialoq təşəbbüskarının müvafiq olaraq Azərbaycan dövləti və Qərbi Azərbaycan İcmasının olduğuna diqqət çəkir:
"Ümid edirik ki, erməni tərəfi "etnik uzlaşmama" kimi qeyri-konstruktiv yanaşmasından əl çəkəcək və etnik müxtəliflik, tolerantlıq və çoxmədəniyyətlilik kimi ülvi bəşəri dəyərlərə əsaslanan addımları dəstəkləyəcək", - deyə sənəddə vurğulanır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.