PAYTAXT XƏBƏRLƏRİ

Bakıda silahlı insidentə görə daha 2 nəfər həbs edilib, cinayət işi açılıb

Hadisə yerinə və cinayəti törətməkdə şübhəli bilinən şəxslərin idarə etdiyi avtomobilə baxış keçirilərkən 1 ədəd tapança, patron və gilizlər eləcə də, iş üzrə əhəmiyyət kəsb edən digər sübutlar aşkar edilərək götürülüb.
Sputnik
BAKI, 13 mart — Sputnik. Bakıda silahlı insidentə görə 2 nəfər həbs edilib, cinayət işi açılıb. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) birgə məlumatında qeyd edilib.
Bildirilib ki, martın 10-u saat 14 radələrində paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən istintaq aparılır.
Prokurorluq və DİN əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində digər şəxslərlə qabaqcadan əlbir olan 1995-ci il təvəllüdlü Şahmar İsmayılov və 1998-ci il təvəllüdlü Vüqar Quliyevin şəxsi münasibətlər zəminində Nicat Əkbərovu öldürmək məqsədilə qanunsuz əldə olunmuş odlu silahdan atəş açması, sonuncunun atəşdən yayınması nəticəsində təsadüfən hadisə yerində olan 1983-cü il təvəllüdlü Tamerlan Hüseynov və 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin müxtəlif xəsarətlər almasına əsaslı şübhələr müəyyən edilib.
İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Şahmar İsmayılov və Vüqar Quliyev Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.4 (qabaqcadan əlibir olan bir qrup şəxs tərəfindən ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 228.2.1 (qanunsuz olaraq odlu silah əldə etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Hadisə yerinə və cinayəti törətməkdə şübhəli bilinən şəxslərin idarə etdiyi avtomobilə baxış keçirilərkən 1 ədəd tapança, patron və gilizlər eləcə də, iş üzrə əhəmiyyət kəsb edən digər sübutlar aşkar edilərək götürülüb.
Cinayət işi üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Məlumatda qeyd olunub ki, media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən rəsmi qurumla dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması bir daha xahiş olunur.
Qeyd edək ki, Bakının Nəsimi rayonunda bir neçə gün əvvəl baş verən silahlı insidentə görə saxlanılan Elvin Qasımov məhkəmə qarşısına çıxarılıb. Nərimanov Rayon Məhkəməsində baxılan iş üzrə istintaq orqanının təqdimatı təmin edilib.
Qərara əsasən, Elvin Qasımov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, hadisə iki gün əvvəl - martın 10-da Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb.
Silahlı insident nəticəsində 2002-ci il təvəllüdlü Fəqan Rəhimli və 1983-cü təvəllüdlü Tamerlan Hüseynov güllə yarası alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.