İQTİSADİYYAT

"AzerGold" Kəlbəcərdə geoloji kəşfiyyat işlərinin I mərhələsini tamamlayıb

"AzerGold" torpaqların minalardan təmizlənməsi üçün tələb olunan vaxt itkisini qismən kompensasiya etmək məqsədilə innovativ kəşfiyyat metodlarından istifadə edir.
Sputnik
BAKI, 13 mart — Sputnik. "AzerGold" QSC-nin geoloji kəşfiyyat qrupu Şərqi Zəngəzur iqtisadi rayonunun inzibati ərazisinə daxil olan Kəlbəcər rayonunda yerləşən və ümumi sahəsi 85,56 km2 olan "Tutxun" nəcib metal təzahürləri sahəsində geoloji kəşfiyyat işlərinin birinci mərhələsini tamamlayıb. Bu barədə "AzerGold"dan məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən mina və partlamamış hərbi sursatlardan təmizlənmiş 8,29 km2 ərazidə, o cümlədən Başlıbel-Xanlanlı, Oruclu-Ağyataq-Çorman sahələrində 2022-ci ilin iyun-dekabr ayları ərzində yerüstü aktiv axtarış-kəşfiyyat işləri icra edilib. Nəticədə əldə edilmiş sınaq nümunələri element tərkiblərinin müəyyən edilməsi məqsədilə analiz üçün beynəlxalq laboratoriyaya göndərilib.
Qeyd edək ki, "Tutxun" sahəsində geoloji kəşfiyyat işlərinin sözügedən ərazilərin 30 illik işğal dövründə Ermənistan tərəfindən minalarla çirkləndirildiyi üçün sürətlə davam etdirilməsi mümkün deyil.
Minalanmış sahələrin xəritələrinin alınması ilə bağlı danışıqlar isə Ermənistanın bu məsələ ilə bağlı destruktiv mövqeyinə görə ləngiyir. Bu səbəbdən axtarış-kəşfiyyat işləri yalnız minalardan təmizlənmiş sahələrdə aparılır. 2023-cü il ərzində işlərin davam etdirilməsi üçün daha 45,5 km2 sahə ANAMA tərəfindən minalardan təmizlənərək, çöl tədqiqatlarının davam etdirilməsi üçün "AzerGold" QSC-nin geoloji heyətinin ixtiyarına veriləcək.
"AzerGold" torpaqların minalardan təmizlənməsi üçün tələb olunan vaxt itkisini qismən kompensasiya etmək məqsədilə innovativ kəşfiyyat metodlarından istifadə edir. Bu xüsusda, 2022-ci ildə təkcə Kəlbəcər rayonunu deyil, Laçın rayonunun da bir hissəsini əhatə edən 1624 km2 sahədə Qafqaz regionunda ilk dəfə olaraq qeyri-invaziv hiperspektral peyk görüntülərinin çəkilişləri həyata keçirilib və bu proses cari il ərzində də davam etdirilir.
Xatırladaq ki, "Tutxun" sahəsi Kəlbəcər rayonunun ərazisində, Tərtərçayın sağ qolu olan Tutxun çayının hövzəsində yerləşir. 1958-1990-cı illərə aid geoloji materialların araşdırılması və rəqəmsallaşdırılmasının nəticələrinə əsasən, sahədə qızıl, gümüş və qismən sənaye əhəmiyyətli mis metallaşmasının olduğu proqnozlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.