BAKI, 13 mart — Sputnik. Ali təhsil müəssisələrə qəbul sistemində problem var. Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu elm və təhsil naziri Emin Əmrullayev "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib.
O bildirib ki, bunlardan əsası ixtisas seçimidir:
"Abituriyent bir neçə ixtisası yazır, birinə düşmürsə, o birinə düşür. Nəticədə abituriyent biologiya, kimya ixtisaslarını istəyirsə, axırda gedib başqa bir ixtisasa düşür. 95 faiz halda abituriyent belə davranır. Mahiyyət etibarilə həkim olmaq istəməyən insanlar həkim olur".
Doktorantura təhsilinin müasirləşdirilməsinə ehtiyac var
E.Əmrullayev həmçinin bildirib ki, doktorantura təhsilinin müasirləşdirilməsinə ehtiyac var. O bildirib ki, hazırda əsas müddəalardan biri doktoranturada bir pilləli təhsilə keçilməsidir. Nazir qeyd edib ki, ikinci məsələ orta təhsillə bağlıdır:
"Hazırda orta ixtisas müstəqildir. Nə ali təhsildir, nə də subbakalavrdır. Orta ixtisas təhsili əmək bazarı tərəfindən tam anlaşılmır".
Qeyd edək ki, hazırda Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı Elm və Təhsil Nazirliyi ilə birgə ictimai dinləmə keçirilir. Bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
İctimai dinləmədə parlamentin Elm və Təhsil komitəsinin deputatları, elm və təhsil naziri Emin Əmrullayev və onun müavini İdris İsayev, Nazirliyin Elm və təhsil şöbəsinin müdiri Yaqub Piriyev, elm və təhsil nazirinin müşavirləri - Elnur Nəsibov, Simuzər Feyzullayeva, Nicat Məmmədli, Azərbaycan Respublikası Təhsil İnstitutunun Direktoru Rüfət Əzizov və digər nazirlik əməkdaşları iştirak edir.
Qanun arzuları deyil, gerçəkləşə biləcək müddəaları əks etdirməlidir
Nazir onu da əlavə edib ki, "Ali təhsil haqqında" Qanun elə yazılmalıdır ki, arzuları deyil, özündə gerçəkləşə biləcək müddəaları əks etdirsin.
"Biz qanunun əsas müddəalarının müəyyən edilməsi və hökumət tərəfindən çevik icra mexanizmlərinin yaradılmasının tərəfdarıyıq. Ümid edirəm ki, bu qanunun qəbulu ali təhsil sahəsində həlledici faktor olacaq", - deyə nazir fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.