DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə "taxıl sazişi"nin uzadılması ilə bağlı müsbət qərara ümid edir

BMT-nin baş katibi Antonio Quterreş martın 18-də müddəti bitəcək "Qara Dəniz Taxıl Təşəbbüsünün uzadılmasının müstəsna əhəmiyyətini" vurğulayıb.
Sputnik
BAKI, 12 mart — Sputnik. Türkiyə martın 18-də başa çatacaq "taxıl sazişi"nin uzadılması ilə bağlı Moskva və Kiyevin müsbət qərarına ümid edir.
Türkiyənin müdafiə naziri Hulusi Akar bazar günü bu barədə danışıb.
Bu həftə Kiyevə səfəri zamanı BMT-nin baş katibi Antonio Quterreş martın 18-də müddəti bitəcək "Qara Dəniz Taxıl Təşəbbüsünün uzadılmasının müstəsna əhəmiyyətini" vurğulayıb. O qeyd edib ki, Ukrayna və Rusiyanın ərzaq məhsulları və gübrələrinin ixracı qlobal ərzaq təhlükəsizliyi və ərzaq qiymətləri üçün vacibdir.
"Tərəflərin bu sazişin uzadılması ilə bağlı müsbət qərarına ümid edirik. Bu, ərzaq təhlükəsizliyi baxımından çox vacibdir, tərəflər bu məsuliyyəti dərk edirlər", - Akar Türkiyə mətbuatına müsahibəsində belə deyib.
Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. İstanbuldakı Birgə Koordinasiya Mərkəzi (BKM) gəmilərin hərəkətinin koordinasiyasına cavabdehdir. Müqavilənin müddəti 2022-ci il noyabrın 18-də başa çatıb, lakin tərəflərdən hər hansı biri etiraz etməsə, 18 mart tarixinə qədər avtomatik 120 gün uzadılması nəzərdə tutulurdu. Rusiya Xarici İşlər Nazirliyi "belə etirazların alınmadığını" bildirib, eyni zamanda qeyd edib ki, Rusiya tərəfi Ukrayna taxılının ixracı üçün "Qara dəniz təşəbbüsü"nün müddət və həcmdə heç bir dəyişiklik olmadan texniki uzadılmasına icazə verir.
Taxıl sazişinin özü paket sazişinin tərkib hissəsidir və o, həmçinin, Rusiyanın ərzaq və gübrə ixracının blokdan çıxarılmasını da əhatə edir. Moskva qeyd edib ki, məhz bu, həyata keçirilməyib. Halbuki, BMT-dən məhdudiyyətlərin aradan qaldırılacağına dair təminatlar var idi.