BAKI, 12 mart — Sputnik. Bütün dünyada kompüter texnologiyaları, proqramlaşdırma sahəsinə diqqət verildiyi zamanda Azərbaycanda "Kompüter elmləri" üzrə cəmi 7 elmlər doktoru var. Bunlardan ən gənci 36 yaşlı qadındır. Onlardan ən yaşlısı isə 1935 təvəllüdlüdür. İnformasiya-ölçmə və idarəetmə sistemləri üzrə isə bir elmlər doktoru var.
Bunu Sputnik Azərbaycan-a açıqlamasında təhsil üzrə ekspert Vüsal Kərimli deyib.
O bildirir ki, bu sahədə kadrların sayı azdır.
Təhsil üzrə digər ekspert Elçin Əfəndiyev Sputnik Azərbaycan-a açıqlamasında deyir ki, sırf elmi işi götürüb işləmək, araşdırma aparmaq özü müəyyən maliyyə vəsaiti tələb edir: "Alimlərin aldıqları əmək haqqı və s bu kimi amillər də onları fərqli istiqmaətlərdə düşünməyə vadar edir. Bütün dünyanın texnologiyalara, kompüter elmlərinə önəm verdiyi dövrdə ölkəmizdə vəziyyətiin bu həddə olması çox acınacaqlıdır".
"Gözləyirik ki, yaxın zamanlarda alimərə veriləcək məvaciblər artırılsın. Yaxşı olardı ki, elmin bu istiqamətləri üzrə təhsil alanları xüsusi diqqətdə saxlayaq, onlar təhsillərini bitirib xaricə üz tutmasınlar, Azərbaycanda qalsınlar", - deyə həmsöhbətimiz əlavə edib.
Qeyd edək ki, universitetlərdə illik IT ixtisası üzrə təxminən 3 min civarında yer açılır. 4 il ərzində bu təxminən 12 min məzun deməkdir. Həmin şəxslərin də 50 faizə yaxını xarici ölkələr üz tutur, yaxud da başqa sahələrdə çalışırlar. Digər 50 faizin içində isə akademik göstəriciləri aşağı olan, özlərinə uyğun iş tapa bilməyənlər də var ki, bu da ümumi olaraq vəziyyətə təsir edir.