BAKI, 11 mart - Sputnik. "2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın qəsdən pozulması hərbi əməliyyatların başlanmasına səbəb ola bilər".
“Report” xəbər verir ki, bunu Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə tviterdə yazıb.
O bildirib ki, Ermənistan öz qoşunlarını Xankəndi-Xəlfəli-Turşsu yolu ilə Qarabağa köçürməkdə davam edir.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi daha əvvəl Ermənistandan Rusiya sülhməramlı kontingentinin müşayiəti altında Xankəndi-Xəlfəli-Turşsu yolu ilə Qarabağa qanunsuz silah daşınmasına dair məlumat yayıb.
Üçtərəfli bəyanat
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb.
Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilib.
Bəyanatda qeyd olunub ki, sülhməramlıların yerləşdirilməsinə paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.