BAKI, 10 mart — Sputnik. "Yaxın günlərdə Azərbaycanda dağıdıcı zəlzələnin olması ehtimalı yoxdur". Sputnik Azərbaycan xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, mütəmadi şəkildə müxtəlif maqnitudada yeraltı təkanlar qeydə alınır və bu da normaldır:
"Bunlar da qorxulu deyil. Ölkəmiz seysmik zonada yerləşir. Xəzər dənizi, Böyük Qafqazın cənub yamacı, Şamaxı, İsmayıllı, Quba-Xaçmaz və digər ərazilər aktiv zonada yerləşir".
Onun sözlərinə görə, bu ilin əvvəlindən mart ayının 7-nə kimi hazırlanmış xəritədən görünür ki, seysmoloji aktivlik daha çox Neftçala, Lənkəran və Astara zonasının payına düşür.
Q.Yetirmişli əlavə edib ki, 2021-ci ildə Azərbaycan və ona bitişik ərazilərdə 7000-dən çox, keçən il ərzində isə 3000-ə yaxın yeraltı təkanlar qeyd alınıb:
"Bu ilin əvvəlindən martın 7-nə kimi olan müddətdə zəlzələ ilə bağlı cənub zonası daha aktiv olub".
Qeyd edək ki, hazırda ölkəmizdə 84 seysmoloji stansiya var, onlardan 22-si beynəlxalq qrantlar hesabına qurulub. Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin faydalı qazıntılar kafedrasının müdiri Vasif Babazadə bildirib.
Onun sözlərinə görə, Şuşada da seysmoloji stansiya qurulub:
"Eyni zamanda, Ağdamda, Kəlbəcərdə, Cəbrayılda bu stansiyaların qurulması planlaşdırılır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.