BAKI, 10 mart — Sputnik. Gələcəkdə Rusiya Federasiyası ilə Ukrayna arasında münasibətlərdə ayıq yanaşmalar axtarmaq qaçılmazdır. Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, cümə günü jurnalistlərə müsahibəsində Rusiya ilə sülh danışıqlarının aparılmasının tərəfdarı olan ukraynalıların sayının artması ilə bağlı xəbərləri şərh edib.
Peskov qeyd edib ki, bütövlükdə münaqişəyə son qoymağın bir yolu kimi "belə bir tendensiya üçün hələlik tezdir".
"Rusiyaya nifrətlə dolu bütün təbliğat axınlarına, yalanlarına baxmayaraq, hələ də Ukraynada ikitərəfli münasibətlərimizin gələcəyinə ayıq yanaşmalar mövcuddur və bunlar qaçılmazdır. Çünki biz qonşuyuq, bu göz qabağındadır və biz bu barədə əvvəllər də danışmışıq", – Peskov bildirib.
Bundan əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov Rusiya ilə sülh danışıqlarının aparılmasının tərəfdarı olan ölkə vətəndaşlarının sayının artmasını "çox təhlükəli tendensiya" adlandırmışdı.
Rusiya hakimiyyəti dəfələrlə münaqişənin həlli ilə bağlı Ukrayna ilə danışıqlara hazır olduqlarını bəyan edib. Eyni zamanda, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova diqqəti ona yönəldib ki, bu gün sülh yolu ilə nizamlanmaya əsas maneə Ukrayna Prezidenti Vladimir Zelenskinin 30 sentyabr 2022-ci il tarixli fərmanı ilə qanuni olaraq müəyyən edilmiş Rusiya Prezidenti Vladimir Putinlə danışıqların “mümkünsüzlüyü”dür.
Həmçinin Ukrayna liderinin rəsmi Kiyevin müasir reallıqlardan tam təcrid olunmasına işarə edən təşəbbüsləri, o cümlədən Rusiya qoşunlarının ölkənin yeni regionlarından çıxarılması tələbi bu danışıqları mümkünsüz edir. Fevralın 9-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Ukrayna tərəfinin nizamlanma üzrə ciddi müzakirəyə başlamaq istəyini görmür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.