SƏHİYYƏ

Tibbi xidmətlər daha əlçatan olmalıdır - Səhiyyə naziri

Teymur Musayev qeyd edib ki, ortaya çıxan problemlərdən biri tibbi ləvazimatların çatışmazlığıdır.
Sputnik
BAKI, 10 mart — Sputnik. İnsanlar sağlamlıqla bağlı cavabdehliklərini anlamalıdır. Sputnik Azərbaycan-ın Trend-ə istinadən məlumatına görə, bunu bu gün səhiyyə naziri Teymur Musayev 10-cu Qlobal Bakı Forumunun "Yeni qlobal səhiyyənin qurulması struktur: Sağlamlığın təbliği, təmin edilməsi, mühafizəsi, gücləndirilməsi və bu istiqamətdə fəaliyyət" mövzusunda keçirilən panel iclası zamanı çıxışında deyib.
O qeyd edib ki, sağlamlıq fundamental insan hüququdur.

"Maliyyə qaynaqları bərabər şəkildə istifadə edilməlidir. Tibbi xidmətlər daha əlçatan olmalıdır. Özəl sektorun sağlamlığın təmin edilməsində rolu danılmazdır. Səhiyyə sistemi bir sıra ölkələrdə əlçatan deyil. Biz səhiyyə prioritetlərinə əməl olunmasına çağırırıq. Dayanıqlılığı təmin etmək üçün addımlar atılmalıdır ki, gələcəkdə də bu cür təhlükələrlə üzləşdikdə hazırlıqlı olaq", - deyə T.Musayev əlavə edib.

Nazir vurğulayıb ki, pandemiya bütün dünyaya öz təsirini göstərdi. "Tibbi ləvazimatların çatışmazlığı ortaya çıxan problemlərdən biri oldu", - səhiyyə naziri qeyd edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.
Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq.
Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.