BAKI, 10 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da İsrail Dövlətinin kəşfiyyat naziri Gila Gamlieli qəbul edib.
Sputnik Azərbaycan xəbər verir ki, görüşdə X Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunularaq, bu tədbirin yüksək səviyyədə təşkil olunduğu və burada dünyanın nüfuzlu siyasətçilərinin, xeyli sayda ölkə və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi, aktual məsələlərinin müzakirəsi üçün Forumun yaxşı imkan yaratdığı vurğulanıb.
Azərbaycan ilə İsrail arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilərək ölkəmizin İsraildə səfirliyinin açılmasının önəmi, eyni zamanda, bu ilin fevralında Prezident İlham Əliyevin Münxendə İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant ilə görüşü qeyd edilib.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da İsrailin sabiq Baş naziri Ehud Olmerti qəbul edib.
Görüşdə X Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkil edildiyi vurğulanıb, bu Forumun getdikcə çox mühüm beynəlxalq platformaya çevrildiyi məmnunluqla qeyd edilib, burada çox sayda ölkədən nüfuzlu siyasətçilərin və digər qonaqların iştirakı bunun göstəricisi kimi qiymətləndirilib.
Söhbət zamanı Azərbaycan-İsrail əlaqələrinə toxunulub, münasibətlərimizin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd olunub. Bu baxımdan İsraildə Azərbaycan səfirliyinin açılmasının önəmi vurğulanıb.
Görüşdə ticarət, kənd təsərrüfatı, turizm və energetika sahələrində əməkdaşlıq məsələləri qeyd edilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.