BAKI, 10 mart - Sputnik. Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə yerləşdirilən iki nəfərin müayinə və müalicəsi davam etdirilir.
TƏBİB-dən Azərtac-a bildirilib ki, 1983-cü il təvəllüdlü Tamerlan Hüseynov sol baldırın aşağı üçdəbir hissəsini dəlib keçən güllə yarası diaqnozu ilə hazırda Kliniki Tibbi Mərkəzin Travmatologiya şöbəsinə köçürülüb, vəziyyəti stabildir.
Sağ baldırın aşağı üçdəbir hissəsini dəlib keçən güllə yarası diaqnozu qoyulan 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin cərrahi əməliyyat edilməsi qərara alınıb. Vəziyyəti orta ağır qiymətləndirilir.
Xatırladaq ki, paytaxtın Nəsimi rayonunda Bakı Dövlət Sirkinin yaxınlığında atışma olub. Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.