BAKI, 10 mart — Sputnik. Bakı Şəhər Baş Səhiyyə Mərkəzi hepatit B və hepatit C xəstəliyindən qorunmağın yollarını açıqlayıb. Sputnik Azərbaycan-a Mərkəzdən verilən məlumatda bildirilir ki, hepatit B və hepatit C xəstəliyindən əziyyət çəkən şəxslərin tibbi xidmətdən yararlanması üçün ilk növbədə onların sağlamlıq vəziyyəti qiymətləndirilməlidir.
Belə ki, hepatit B və C xəstəsi, eləcə də xəstəliyin əlamətlərini özündə hiss edən və yaxud infeksiyaya yoluxmuş şəxslə təmasda olmuş vətəndaşlar müayinə və müalicə üçün öncə qeydiyyatda olduqları ərazi üzrə poliklinikalara müraciət etməlidir.
Onlar sözügedən tibb müəssisələrində həkim-infeksionist və ya ailə/sahə həkiminin göstərişinə uyğun olaraq müayinələrə cəlb olunurlar. Bu tibb müəssisələrində müayinələrin aparılması mümkün olmadıqda pasiyentlər göndərişlə müvafiq dövlət tibb müəssisəsinə yönləndirilir.
Bakı Şəhər Baş Səhiyyə Mərkəzinin nəzdində fəaliyyət göstərən tibb müəssisələrində hepatit B-lə bağlı peyvəndlənmə həyata keçirilir. Yeni doğulan uşaqlara hepatit B peyvəndi 3 dozada vurulur. İlk peyvənd uşaq doğulandan sonrakı 12 saat ərzində edilir.
Birinci və altıncı aylarda hepatit B peyvəndini təkrarlamaq lazımdır. Yetkin şəxslər isə hepatit B-yə qarşı peyvənd vurdurmaq istədikdə hər hansı tibbi müəssisəsinə yaxınlaşa bilər. Bu zaman öncə qan analizi verilməlidir. Şəxsin qanında hepatit B-nin olmadığı müəyyənləşərsə, ona bu peyvənd 3 mərhələdə vurulur. Hepatit B peyvəndi ilə bağlı yaş məhdudiyyəti yoxdur.
Qeyd edək ki, hazırda hepatit B və C virusunun ölkəmizdə müayinəsi və stasionar şəraitdə müalicəsi icbari tibbi sığorta tərəfindən qarşılanır.
Məlumat üçün bildirək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yaradılan "B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiya"nın qərarına əsasən təyin olunan dərman preparatları ödənişsiz verilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.