MƏDƏNİYYƏT

Bu gün Azərbaycanın televiziya məkanında əsl teatr ruzigarı əsəcək

Gün ərzində televiziya kanallarında teatrların fəaliyyətinə nəzər salınacaq, tamaşalar nümayiş olunacaq, ömrünü Azərbaycan səhnəsinə həsr edən sənətkarların fikir və düşüncələri təqdim ediləcək.
Sputnik
BAKI, 10 mart — Sputnik. Bu gün Azərbaycan peşəkar milli teatrının 150 yaşı tamam olması münasibətilə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Milli Teatr Günündə ölkəmizin televiziya kanallarının iştirakı ilə keçiriləcək telemarafon isə bütün teatrsevərlərə xoş bir sürpriz olacaq.
Nazirlikdən bildirilib ki, gün ərzində televiziya kanallarında teatrların fəaliyyətinə nəzər salınacaq, tamaşalar nümayiş olunacaq, ömrünü Azərbaycan səhnəsinə həsr edən sənətkarların fikir və düşüncələri təqdim ediləcək.
Qeyd edək ki, 10 Mart - Milli Teatr Günüdür. Bu gün Azərbaycan teatrı yaranmasının 150-ci ildönümünü qeyd edir. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib.
1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynayıb. Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Nəticədə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə siması yetişib.
Bu il Milli Teatr Günü həm də peşəkar milli teatrın yaranmasının 150-ci ildönümü ilə əlamətdardır. Prezident İlham Əliyevin "Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncamına əsasən bu əlamətdar yubiley ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.