BAKI, 10 mart — Sputnik. Paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə əlaqədar cinayət əməlini törətməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, əməliyyat-axtarış tədbirləri davam etdiyi üçün onların adları açıqlanmır:
"Onlardan cinayətdə istifadə olunan tapança aşkar olunaraq götürülüb. Sosial şəbəkələrdə cinayət hadisəsi ilə bağlı olan iddialar əsassızıdır. Əməliyyat-axtarış tədbirləri yekunlaşdıqdan sona əlavə məlumat veriləcək".
TƏBİB-dən "Report"a verilən məlumata görə, 1983-cü il təvəllüdlü Tamerlan Hüseynov sol baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu ilə hazırda KTM-in Travmatologiya şöbəsinə köçürülüb, vəziyyəti stabildir.
Qeyd olunub ki, sağ baldırın aşağı üçdə bir hissəsini dəlib keçən güllə yarası diaqnozu qoyulan 2002-ci il təvəllüdlü Fəqan Rəhimlinin cərrahi əməliyyat edilməsi qərara alınıb, vəziyyəti orta ağır qiymətləndirilir.
***
Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidenti törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
***
Bakıda silahlı insident olub, 3 nəfər yaralanıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat təsdiqlənib.
Bildirilib ki, hadisə paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb.
Hadisə yerinə əməliyyat qrupu cəlb edilib.
"Hazırda faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək", - DİN-dən bildirilib.
Report-un xəbərinə görə, Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.