İQTİSADİYYAT

“Azərtütün” Braziliyadan gətirilmiş iki yeni tütün sortunu sınaqdan keçirəcək

Braziliyadan gətirilən K-326 və PVH-2310 növlü yeni tütün toxumlardan yetişdirilən şitilllər fermerlərə də veriləcək.
Sputnik
BAKI, 10 mart - Sputnik. Builki mövsümdə “Azərtütün” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən respublikamızın şimal-qərb bölgəsinə daxil olan Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında 657,2 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilməsi nəzərdə tutulur. Azərtacən xəbərinə görə, bununla bağlı tütün istehsalı ilə əlaqədar cəmiyyət tərəfindən 71 fermerlə müqavilə bağlanılıb.
Bağlanılan müqavilələr üzrə tütün əkiləcək sahələr 593,2 hektar təşkil edir. Eyni zamanda, şirkətin özünə məxsus 64 hektar sahədə də tütün əkilməsi nəzərdə tutulur.
Tütün şitilləri “Azərtütün” ASC-nin Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən tütün istehsalı və emalı məntəqəsinin istixana təsərrüfatında yetişdirilir.
Səhmdar Cəmiyyətin aqrar şöbəsinin müdiri Hüsamettin Koçhan bildirib ki, tütün şitillərinin yetişdirilməsi üçün məntəqənin ərazisində 4 ədəd ABŞ istehsalı olan və 3 ədəd Azərbaycanda istehsal edilən istixana quraşdırılıb.
ABŞ-da istehsal olunan istixanaların hər biri 33 hektar, yerli istixanaların hər biri isə 27 hektar sahəni tütün şitili ilə təmin edir. Ümumiyyətlə, məntəqədəki istixanalarda yetişdirilən tütün şitili ilə 213 hektar sahəyə şitil köçürmək mümkün olacaq. Qalan sahələrə isə fermerlərin öz təsərrüfatlarında sadə istixanalarda yetişdirdikləri şitillər köçürüləcək.
Tütün sahəsi, arxiv şəkli
Şöbə müdirinin sözlərinə görə, indiyədək “Virciniya botaniki” növlü tütün toxumları əsasən ABŞ-dan gətirilirdi. Builki mövsümdə isə Fransadan, həmçinin Braziliyadan K-326PVH-2310 növlü yeni tütün toxumları da gətirilib. Sınaq məqsədilə gətirilən bu toxumlardan yetişdirilən şitilllər fermerlərə də veriləcək.
Toxum Almaniyadan gətirilmiş torfla qatışdırılaraq hər biri 300 gözdən ibarət plastik kasetlərin içərisinə yerləşdirilir. Toxum qoyulmuş kasetlər daha sonra istixananın içərisindəki su hövzəsinə buraxılır. Su hövzəsinə əvvəlcədən tələb olunan gübrə və dərmanlar tökülür. Tütün şitilləri 40-45 gün ərzində yetişir və daha sonra sahələrə köçürülür.
Hüsamettin Koçhan bildirib ki, cari mövsümdə Azərbaycan istehsalı olan istixanalarda yeni isitmə sistemi də quraşdırılıb. Bundan əlavə, işçilərin əl əməyini yüngülləşdirmək üçün məntəqəyə 2 ədəd toxuməkmə avadanlığı da alınıb.
Şitillərin hava şəraitindən asılı olaraq, aprelin birinci ongünlüyündən etibarən sahələrə köçürülməsi nəzərdə tutulur. Hazırda tütün əkiləcək sahələr şumlanır, malalanır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.