RUSİYA

Zaxarova açıqladı: Almaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə müraciət edib

Diplomat vurğulayıb ki, alman səfirinin tələbi Almaniyanın "Der Spiegel" nəşrində dərc olunan, "seksist klişelərlə dolu" "Putinin arxasında qadınlar" məqaləsi fonunda baş verib.
Sputnik
BAKI, 9 mart — Sputnik. Almaniyanın Moskvadakı səfiri Qeza Andreas fon Qayr Almaniyanın özündə Rusiya mediasının geniş şəkildə təqib edilməsinə baxmayaraq, Rusiya ərazisində alman jurnalistlərin işinə kömək etmək xahişi ilə Rusiya XİN-ə sənəd göndərib.
Bu barədə cümə axşamı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Solovyov Live" telekanalının efirində bildirib.
"Bir neçə gün əvvəl Almaniya səfiri Xarici İşlər Nazirliyinə rəsmi sənəd göndərib ki, Rusiyadakı alman jurnalistlərə səmimiyyətlə yanaşın, onlara əvvəllər olduğu kimi viza, akkreditasiya verin. Düzünü desəm, mən bir qədər təəccübləndim, çünki birincisi, mənə elə gəlir ki, heç bir başqa ölkədə Rusiya mediası və jurnalistləri Almaniyadakı kimi təzyiqlərə məruz qalmamışdı", - deyə Zaxarova bildirib.
Diplomat vurğulayıb ki, alman səfirinin tələbi Almaniyanın "Der Spiegel" nəşrində dərc olunan, "seksist klişelərlə dolu" "Putinin arxasında qadınlar" məqaləsi fonunda baş verib. "Bu iyrənc məqaləyə həsr olunmuş teleqram kanalımdakı dünənki yazımı yazmazdan əvvəl mən Almaniya səfirinə zəng etdim. O, telefona və mesaja cavab vermədi. Həmkarlarımdan onunla əlaqə saxlamalarını istədim, mesajlarına cavab vermədi, sonra yazını dərc etdim".